“2018-ci il karyeramda ən uğurlu illərdən biri oldu. Çünki bu ilin ilk yarısında Avropa, ikinci yarısında isə dünya çempionu oldum”.
Bunu Yenicag.az-a açıqlamasında yunan-Roma güləşçimiz Eldəniz Əzizli deyib. Azərbaycanda ilin idmançısı seçilən Əzizlinin sözlərinə görə, 2019-cu ildə daha da məsuliyyətli olmaq lazımdır:
“Bizi üzümüzə gələn yeni ildə daha mötəbər yarışlar gözləyir. Qarşıda Olimpiyaya lisenziya xarakterli dünya çempionatı var. Əsas hədəfimiz lisenziyanı almaqdır. 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ən yaxşı şəkildə hazırlaşmalıyıq. Buna görə, təkcə mən yox, bütün komanda yoldaşlarım əlindən gələnin ən yaxşısını etməyə çalışacaq”.
AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin bacısı oğlu olan Eldəniz Əzizlinin dayısı oğlanları Coşqun Diniyev “Qarabağ”da, Kərim Diniyev isə “Sabah” klubunda çıxış edir. Bəs, görəsən, Eldənizin futbola marağı hansı səviyyədədir?
“Bütün nəsil olaraq futbolu izləyirik. Bu, mənim hobbimdir. Boş vaxtımız olanda da futbol oynayırıq. Amma Coşqun və Kərimlə çox görüşə bilmirik. Mütəmadi olaraq məşqləri, oyunları olur. Tez-tez dayım Şahin Diniyevlə görüşürük. Bu görüşlərdə dayım idmançı kimi yetişməyimin yolunu göstərir. Şahin müəllimə öz minnətdarlığımı bildirirəm. Məşqçilərlə bərabər, dayımın üzərimdə böyük əziyyəti var”.
Emin Səfərov
www.yenicag.az