Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakultəsinin dekanı, Vüsalə Ağabəyli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehirban xanım Əliyevaya açıq məktub yazaraq, üzləşdiyi özbaşınalıq və qanunsuzluqlardan şikayətlənib
Vüsalə Ağabəylinin açıq məktubunu olduğu kimi təqdim edirik:
Hörmətli Mehriban xanım,
Qarşılaşmış olduğum haqsızlıq və qərəzli münasibətlə bağlı Sizə müraciət edirəm.
Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakultəsinin dekanı kimi hər zaman mənə göstərilmiş etimadın məsuliyyətini dərk edərək hərəkət etmişəm. Dövlətimizin, universitetimizin, fakultəmizin rifahı üçün bir vətəndaş olaraq öz vəzifəmi layiqincə yerinə yetirməyə çalışmışam. Bir müddətdir ki, universitet rəhbərliyinin təzyiqi ilə üzləşirəm. Buna baxmayaraq, fəaliyyətimdə qüsura yol vermədən bu münasibətə aydınlıq gətirilməsinə cəhd edirəm. Rəhbərliyin göstərişlərini yerinə yetirərkən elə rəhbərliyin özü tərəfindən haqsız ittihamlarla üzləşmiş və mövqeyimi açıqlamaq üçün univerisitetdə rektoryanı şurada çıxış etmişəm. Təəssüf ki, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev izahatımı rədd etmişdır. Əvvəlcə işdən azad olunmam haqqında əmr hazırlanmış, lakin əsas tapılmadığı üçün fərqli üsullarla işdən çıxmağım haqda özümü ərizə yazmağa məcbur etməyə cəhd edilmişdir. Hətta təzyiq artıq tək mənə qarşı deyil, fakultə dekanlığının işçilərinə və tələbələrə də tətbiq olunur, bunun nəticəsində dekan müavinlərindən biri təzyiq altında ərizəsini yazıb işdən çıxmağa məcbur olub. Əsasnaməyə uyğun olmasa da yenicə 3 dekan müavini təyin edib. Universitet rəhbəri müəyyən işçilərin və tələbələrin bu məsələdə mənimlə həmrəy olacaqlarından çəkinərək onları qəbuluna çağırmış və təklif etmişdir ki, etiraz etmədikləri təqdirdə müəyyən güzəştlərdən yararlana biləcəklər. Haqqımı müdafiə etməyə çalışdığım üçün mənə tamamilə əsassız ittihamlarla töhmət verilmişdir.
Məsələnin səbəbi isə odur ki, rektorun verdiyi əmrə əsasən rəhbərlik etdiyim fakultədə komissiya üzvləri ilə birlikdə dərslərdə iştirak etməli və zəif müəllimlərlə iş aparmalı idim. Dərsində iştirak etdiyim pedoqoqlardan birinə Nərgiz Çərkəz qızı Qurbanlıya (sonradan məlum oldu ki, dostunun qızı imiş) haqlı iradlarımı rəsmi şəkildə bildirmişdim və bununla yanaşı ona universitetimizdə fəaliyyət göstərən “Dil xidmətləri” mərkəzində intensiv formada ingilis dilini öyrənməyi təklif etmişdim, tədris etdiyi ixtisas fənlərinin ingilis dilində tədris olunmasının zəruriliyini vurğulayıb, əks halda Dövlət İmtahan Mərkəzinin, Təhsil Nazirliyinin və sonda Dövlətin universitet olaraq qarşımıza qoyduğu tələblərə zidd mövqedə dayandığını bildirmişəm. Mən bütün müəllimlərə obyektiv yanaşaraq kim-kimin dostudur bilmədən dərslərin müzakirəsini təşkil edib komissiya üzvləri ilə birgə protokollaşdırmışam, komissiya üzvlərinin iştirakı ilə protokol dəftəri də imzalanıb. Kamal müəllim məni sırf həmin dostunun qızına görə təhqir edir. Rektoryanı Şurada bu məsələni qaldırır və açıq şəkildə heç kəsdən çəkinmədən “o mənim dostumun qızıdır, ingilis dilini bilməsə də olar deyir”. Buna etirazımı edəndə, bu səhv addımla həmin müəllimin (Nərgiz Qurbanlının) və universitetin Təhsil Nazirliyini və Dövlət İmtahan Mərkəzini aldatmış olduğunu bildirəndə məni işdən çıxaracağı ilə hədələdi. Fakultə dekanı olaraq, rektoryanı şurada çıxış etmək və mənə ünvanlanan ittihamları cavablandırmaq niyə Kamal müəllim tərəfindən qəbulolunmaz hesab edilir? Onu da qeyd edim ki, Kamal Abdullayev heç bir əsasnaməyə uyğun olmadan, mövcud dərs yükünə zidd olsa belə Virtual Jurnalistika kafedrası açıb, Nərgiz Qurbanlının heç bir elmi dərəcəsi və elmi adı olmasına baxmayaq kafedra müdiri təyin edib.
Mən Azərbaycan Dillər Universitetini (ADU) bakalavr və magistr səviyyəllərini fərqlənmə diplomu ilə bitirmişəm, 2016-cı ildə filologiya üzrə fəlsəfə doktoru elmi adı almışam, 2018-ci ildən elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunmuşam. 2005-ci ildən ADU-da laborant, saat hesabı müəllim, müəllim, baş müəllim, dosent və hal-hazırda Filologiya və Jurnalistika fakultəsinin dekanı olaraq fəaliyyət göstərirəm. ADU-nun YAP Qadınlar Şurasının sədriyəm. Sizin gözəçarpan fəaliyyətiniz, insan haqlarının qorunmasında əvəzsiz rolunuz və ölkə vətəndaşlarına göstərdiyiniz qayğı mənə hər zaman ona örnək olub.
Hələ məktəb illərindən Heydər Əliyev idealogiyasının davamçılarından biri kimi YAP tədbirlərinin təşkilatçısı və iştirakçısı kimi mütəmadi olaraq YAP qərargahında çıxışlar etmişəm, tələbəliyimin I kursundan YAP üzvü olaraq qeydiyyatdan keçmişəm. Universitetdə “Heydər Əliyev və Azərbaycan qadını”, “Azərbaycan qadının dövlət qurumlarında roluna Heydər Əliyevin verdiyi dəyər”, “Ümummilli lider və qadın siyasəti” adlı tədbirlərin təşkilatçısı və məruzəçisi olmuşam. Bir sıra Beynəlxalq və Respublika konfranslarının, Avropa ittifaqının təşkil etdiyi dəyirmi masaların, forumların iştirakçısı olmuşam. Avropanın əksər ölkələrində və Böyük Britaniyada dəfələrlə təlim proqramlarında iştirak etmişəm, iki dərs vəsaiti, bir proqram, 20-yə yaxın məqalənin müəllifiyəm, hal-hazırda yeni bir dərs vəsaiti üzərində çalışıram. 2017-ci ildən Avropanın “Azərbaycan universitetlərində ali təhsilin keyfiyyətinin inkişaf etdirilməsi məqsədi daşıyan Erasmus+ proqramı çərçıvəsində PETRA proyektinin üzvüyəm.
Universitetin YAP Qadınlar Şurasının sədri olaraq, dəfələrlə universitetin YAP sədri Sərraf Hüseynova müraciət etmişəm, YAP xətti üzrə tədbirlər planını birlikdə müzakirə etməyi xahiş etmişəm, o isə hər dəfə Məlahət İbrahimqızı ilə məsləhətləşib mənə məlumat verəcəyini bildirərək məni bu fəaliyyətdən uzaqlaşdırmağa çalışmışdır. Beləliklə də, Kamal müəllimin təşəbbüsü ilə YAP Qadınlar Şurasının sədri seçilmədiyim üçün Sərraf müəllim son dövrdə mənim fəaliyyətimə kölgə salmağa çalışmışdır. Məlahət xanımın özü ilə görüşəndə və bir neçə dəfə telefon əlaqəsi saxlayanda ya məşğul olduğunu, ya səfərdə, ya da tədbirdə olduğunu bildirib. Tədbirlərin öz təşəbbüsümlə həmişəki kimi təşkil olunmasını təklif edəndə, onunla müzakirə etmədən təşkil etməməyi bildirmişdir, beləliklə də, bu məsələdə də Kamal müəllimin mənə qarşı yaratdığı soyuq münasibəti hiss etmişəm.
Univeristetdə fəaliyyət göstərdiyim illər ərzində daim ictimai və akademik həyatda yaradıcı fəaliyyət göstərmişəm. (Təsdiq üçün sertifikatlarım mövcuddur). Rəhbərlik etdiyim kollektivi və fakultə tələbələrini idarə etməkdə xüsusi səy göstərmişəm və kollektivdə təlim-tərbiyə və nizam-intizam yaratmaqla daim fərqlənmişəm. Elə bunlara görə də kollektivin hörmətini qazandığımı düşünürəm, tələbələr tərəfindən sevilirəm. Hər zaman etik normalara və nizam-intizam qaydalarına riayət etmişəm. Lakin universitet rektoru Kamal Abdullayev kimliyindən asılı olmayaraq, dost-tanışı olmayan heç bir kəsin əmək fəaliyyətini qiymətləndirmir və qərəzli mövqe ilə yanaşaraq münasibət bildirməyə belə imkan vermir. Dəfələrlə təhqiramiz ifadələr işlədərək tək mənim yox, əksər universitet əməkdaşının ləyaqətini və şəxsiyyətini alçaldır. “Öz komandamı” yaradıram, “filankəs mənim dostumdur, təbii ki, onun dediyinə inanacam, sənə yox” ifadələrini açıq şəkildə və heçnədən çəkinmədən işlədir. Beləliklə də, həm universitetin, həm də ölkənin nüfuzuna xələl gətirir. Kamal müəllim niyə dərk etmək istəmir ki, mən xarici ölkə vətəndaşı deyiləm, Azərbaycan vətəndaşıyam və bizim bir yolumuz, bir xəttimiz, bir komandamız var o da ölkə prezidenti möhtərəm İlham Əliyevin komandası. Universitetdə aparılan islahatlar, yalnız Kamal Abdullayevdən əvvəl fəaliyyət göstərən savadlı və bacarıqlı kadrların işdən çıxarılması və Bakı Slavyan Universitetindən çıxarılmış kadrların işə götürülməsindən ibarətdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və İlham Əliyevin uğurla davam etdirdiyi ölkədə bütün strukturlarda aparılan siyasətə zidd olaraq muasir təhsil sistemindən bixəbər olan yaşlı nəsil nümayəndələrinin hegemonluğuna yol açan Kamal Abdullayev çox tezliklə ADU-nun əziyyətlə qazandığı nüfuzunu darmadağın edəcəkdir.
Dostlarına tam meydan verən rektor universitetdə intriqa yaratmaq arzusundadır. Bakı Slavyan Universitetindən gələn kadrlarla əvvəldən Azərbaycan Dillər Universitetində fəaliyyət göstərənlər arasında onun məkrli siyasəti nəticəsində dərin sədd yaranıb və bu qarşıdurmadan başqa bir şeyə yol açmır.
Elmi Şuralarda təhqirləri ilə hamını susdurduğu üçün heç kəs işini itirmək istəmir və buna görə də danışmır. Haqlı etiraz edənlər isə mənim aqibətimə düçar olur. O əgər doğrudan da İlham Əliyev yolunu seçmiş olsaydı, onun siyasəti ilə gedərdi, dəfələrlə İlham Əliyevin ölkə məmurları ilə müzakirəsini dinləmişik, onların ciddi nöqsanları olsa belə heç vaxt təhqiramiz ifadə işlətməyib. Bu boyda ölkəni idarə edən prezident o qədər sadə, humanist və mədəni nümunə sərgilədiyi halda bir univeristeti idarə edən rektor necə bu qədər özbaşına davrana bilər axı?
Hal-hazırda universitetdə çox gərgin vəziyyət yaranıb. Mənə olan təzyiqlərin miqyası daha da genişlənib. Mənə dəstək olmaq istəyən, ətrafımda olan, hətta mənə salam vermək istəyən hər bir kəsə hal-hazırda böyük zülm edilir, şər-böhtan atılır, haqq səsləri boğulur. Baş verən haqsızlıqlara, üzərimdəki basqıya tab gətirə bilmədiyimdən 18.12.2018-ci il tarixində universitetdən mənə Təcili yardım xidməti çağırıldı, 20.12.2018-ci il tarixindən isə “gərginlik stenokardiyası, işemiya” diaqnozu ilə 15 gün xəstəxanada yatmışam, hal-hazırda müalicəm ev şəraitində davam edir. Rəhbərlik etdiyim fakultə dekanlığındakı əməkdaşlara təzyiq göstərilir ki, mənimlə bağlı izahatlar yazıb imzalasınlar, imzalamayanlardan isə ərizələrini yazıb işdən çıxmaları tələb olunur. Universitetin müəllimləri filologiya üzrə fəlsəfə doktoru Mahirə Hacıyeva və Pərvin Mürsəlova isə Təcili yardım xidməti çağırıldıqdan sonra mənə dəstək olduqları üçün sənəd oğurluğunda ittiham olunurlar. Hal-hazırda həmin müəllimlərin də işdən xaric olma məsələsi gündəmdədir və onlara da şiddətli dərəcədə şər-böhtan atılaraq təzyiqlər göstərilir. Tələbələr məni dəstəklədikləri üçün Kamal müəllimə müraciət etmişlər, onların etirazını yatırtmaq üçün, Kamal müəllim 20.12.2018-ci il tarixli iclasda onların akademik borclarının ləğv olunacağı, imtahanlarda lüğət, fənn proqramı və dərs vəsaitinin qoyulacağı, imtahan zamanı istənilən sualın fənn müəllimi tərəfindən cavablandırılacağı vədini verib, töhmət almış dekanın maaşının müəyyən hissəsinin qeyri-qanuni formada kəsilərək universitetdə yaradılmış “Xəlifə fondu”na köçürülməsi fikrini səsləndirmişdir. Bu cür fikirlərin geniş auditoriya önündə səsləndirilməsi belə Kamal Abdullayevin idarəçiliyinin zəifliyinə, hüquqi normativləri pozmasına dəlalət edir. Onun səsləndirdiyi bu ifadələr və qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili” qaydalarına və Əmək məcəlləsinin intizam tənbehinin verilməsi şərtlərinə ziddir. Bir intizam xətasına görə bir neçə intizam tənbehi verilə bilməz, rektor hansı hüquqi əsaslarla maaşın kəsilməsini tələb edir aydın deyil. Rektorun 17.12.2018-ci il tarixli 2/422 saylı əmrinə əsasən mənə verilmiş töhmətdə Əmək məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndi və 189-cu maddəsinin 4-cü bəndi ümumiyyətlə, nəzərə alınmamış və töhmət əmri siyasiləşdirilmişdir. Həmin əmrlə bağlı 19.12.2018-ci il tarixində rektora yazdığım təqdimata isə münasibət belə bildirilməmişdir. Bundan əlavə, fakultənin fəaliyyətinin araşdırılması üçün qərəzli şəkildə 18.12.2018-ci il tarixli 118 saylı əmrə əsasən komissiya yaradılmışdır. Qeyd etmək istəyirəm ki, 22.10.2018-ci il tarixindən başlayaraq bir ay ərzində Təhsil Nazirliyi tərəfindən təşkil olunan Akkreditasiya Komissiyası universitetin bütün strukturlarında dərin yoxlama apardığı və nəticəni qənaətbəxş hesab etdiyi halda (Nəticələrin qənaətbəxş olduğunu rektor özü rektoryanı şurada səsləndirmişdir) Kamal Abdullayevin yenidən komissiya təşkil etməsi onun qərəzli mövqeyini sərgiləyir. Rektor iş şəraitimizi məqsədyönlü şəkildə dözülməz vəziyyətə çatdırır, mənə və adlarını qeyd etdiyim digər əməkdaşlara qarşı xüsusi qəddar mühit yaradıb. Bu isə bizim işimizin itirilməsinə, elmi fəaliyyətimizin son qoyulmasına və şəxsiyyətimizin alçaldılmasına səbəb olacaqdır. Mən 17 yaşımdan bu universitetdəyəm, mənim ikinci evimdir bu universitet, onun daşı divarı, bütün auditoriyaları mənə əzizdir. Doğma ocağımın sönməsinə, gələcəyə yönələn islahatların məhv olmasına, təhsil strategiyasının düzgün qurulmamasına göz yummaq və dözmək çox çətindir. Mən və digər əməkdaşlar haqlı olaraq universitetimizi itirmək istəmirik.
Qeyd edim ki, indiyə qədər onun verdiyi bütün tapşırıqları və əmrləri yerinə yetirməyə və universitetin rektoru olduğu üçün konfliktdən yayınmağa cəhd etmişəm. Kamal müəllim mənə və digər əməkdaşlara onun fəaliyyəti və kitabları haqqında tərifli yazılar yazıb mediaya verməyi sifariş edib. Mən də rəhbər olduğu üçün onun sözündən çıxmamışam. Araşdırılsa məlum olacaq ki, eyni həftələrdə müxtəlif dekanların və əməkdaşların eyni mövzu və eyni xarakterli yazıları mətbuatda dərc olunub. Bundan əlavə, ölkəyə səs salmaq üçün universitetdə təşkil olunan konfranslara dəvət etdiyi hər bir nümayəndə heyətinin bütün xərclərini dekanların, kafedra müdirlərinin boynuna qoyub. 2018-ci ilin may ayında 8 nəfərlik Çin Xalq Respublikasından gələn nümayəndə heyətinə 800 manat, Serbiyadan gələn qonaqlara 200 manat və oktyabr ayında müxtəlif ölkələrdən gələn 60 nəfərlik nümayəndə heyətinə isə 1300 manat xərcləmək məcburiyyətində qalmışam. (Məlumatı təsdiq etmək üçün fotoşəkillər və çeklər mövcuddur).
Universitetin maliyyə fondunun və sosial fondunun hesabına deyil, niyə bizim əməkhaqqımız hesabına bu məsələlərin həll olunması səbəbini bilməsəm də, rektorun tələbi olduğu üçün boyun qaçırtmamışam. 2018-ci ilin yanvar ayında elmlər doktorluğu üzrə imtahan verməkçün sənədlərimi təqdim edəndə Kamal müəllim məni çağıraraq bildirdi ki, yalnız ödənişli əsaslarla oxuya bilərəm, ödənişsiz əsaslarla olan yeri dostunun qızı Aytən Hacıyevaya söz verib. Maddi vəziyyətim çox yaxşı olmasa da, universitet rəhbəri olduğu üçün razılaşmaq məcburiyyətində qaldım.
Universitetin maliyyə fondu və sosial fond nəyə xidmət edir bilinmir. Dəfələrlə Kamal müəllimin adına bəzi auditoriyaların proyektorlarla təmin olunması, yararsız lövhələrin dəyişdirilməsi, auditoriyaların lazımi avadanlıqlarla təmin olunması, dərs vəsaitləri, tədris planlarına yenidən baxılması xahişi ilə təqdimatlar yazmışam. Lakin heç birinə cavab almamışam, hər dəfə yenidən müraciət edəndə təqdimatın çatmadığı, itdiyi, yoxa çıxdığı bildirilib. Elektron bir əsrdə yaşadığımızçün təqdimatların itmə ehtimalı nə dərəcədə məntiqlidir? Niyə bu universitetin maliyyəsi bu universitetin özəyi olan tələbələrə xərclənmir? Dekanlığa dəfələrlə kağız, qələm, pozan və digər ləvazimatları özümüz almaq məcburiyyətində qalmışıq. Tələbələr arasında nüfuz qazanmaqçün birinci kursların alacaqları bədii ədəbiyyatın pulunu universitet ödəyəcək deyərək bütün ölkəyə səs saldı, lakin həmin məbləğ fakultə tyutorlarına məcbur ərizə yazdırılaraq, sosial fonddan yardım adıyla çıxarıldı. (Həmin əmrin nüsxəsi də mövcuddur)
Mən xarici səfərlərdə seminarlarda iştirak edəndə vəzifə səlahiyyətimi tədris işləri üzrə dekan müavini icra edirdi. Qeyd etdiyim kimi, hal-hazırda müalicə alıram 2 həftədən çoxdur ki, işə getmirəm. Kamal müəllim mənim vəzifəmi icra etmək üçün dekan müavinlərindən heç birini deyil, kafedra müdiri Sevinc Zeynalovanı təyin edib və 07.01.2019-cu il tarixində mənim iştirakım olmadan iş otağımın qapısının qırılaraq açılmasını, açarların dəyişdirilməsini tələb edib. Bu nə dərəcədə düzgündür və hansı məqsədlər güdülür mənə aydın deyil. Həmin otaqdan hansısa sənədlər və ya mənim şəxsi əşyalarım itsə kim cavabdeh olacaq?
Kamal müəllimin 34 yaşında karyerasını məhv etmək istədiyi qadına ünvanladığı şər-böhtanın miqyası gündən-günə artır. Belə ki, mənim dekan seçkilərilə bağlı sənədlərim onun yenicə təyin etdiyi kadrlar şöbəsinin müdiri Kifayət Hacıyeva tərəfindən Kamal müəllimin sifarişi ilə saxtalaşdırılır. Sual oluna bilər ki, əgər doğurdan da sənədlərim qaydasında deyildisə niyə 2 ilə yaxın dekan olaraq fəaliyyət göstərdiyim müddətdə deyil, haqsızlıqlara dözə bilməyib rektoryanı şurada çıxış etdiyim vaxtdan sonra üzə çıxdı? Bunun özü də qərəzli mövqe deyilmi?
Bir universitet rəhbəri olaraq nə dərəcədə düzgündür ki, tələbələrə dekan haqqında yazı yazıb mətbuata verməyi tapşırmaq? Onun sifarişi ilə Şahin Sərdarlı (Beynəlxalq münasibətlər və idarəetmə fakultəsi) və Salman Quliyev (Tərcümə və mədəniyyətşünaslıq fakultəsi) adlı tələbələr rəhbərlik etdiyim Filologiya və Jurnalistika fakultəsindəki fəaliyyətimdən heç xəbərləri olmadıqları halda hansı cəsarət və hüquqi əsaslarla nüfuzuma kölgə salacaq informasiyanı sosial şəbəkələrə yaymaqla məşğuldur? Bu diktatura rejimi deyil bəs nədir? Tələbənin pisi-yaxşısı olmur, zəif və əlaçısı ola bilər, onları bir-birinə qarşı qoymaqdansa onlara sağlam düşüncə aşılamalıyıq. Tələbələr arasında diskriminasiya, təbəqələşmə, qruplaşma tətbiq etmək heç də düzgün siyasət deyil. Universitetdə sabitliyi bərqərar etmək əvəzinə bir rektor hansı haqla tələbələri intriqaya, qarşıdurmaya sövq edir? Tələbələrin bir dekan olaraq məni arzulamaqları günahdır ki, onlar da böyük təzyiqlərə məruz qalırlar? Vəzifə səlahiyyətindən istifadə edərək bəzi pedaqoqları mənim əleyhimə yazı yazmağa və imza atmağa məcbur edir. Budurmu rektorun təhsil islahatı? Budurmu onun müdrikliyi? Bir rektorun idarəçiliyinə uyğun olan bir hərəkətdir ki, media önündə dekanı, müəllimləri məhkəməyə səsləsin? Bu iğtişaşa çağırış deyil bəs nədir? Doğurdan da universitetin taleyi, nüfuzu onu narahat etmir? Bu gün Azərbaycan Dillər Universitetində yaranmış diktatura rejimində heç kəs səs çıxara bilmir. Çünki hər dəfə “mən Ramiz Mehdiyevin adamıyam, mənə heç kəs söz deyə bilməz” deyərək, əslində Ramiz Mehdiyevin də adına xələl gətirir.
Bütün qeyd etdiklərim bir tərəfə, mənimçün ən önəmli olan qadın ləyaqətimdir ki, Kamal müəllim, bir rektora, bir akademikə və sonda bir kişiyə yaraşmaz şəkildə qadın şəxsiyyətimin alçaldılmasına yönələn addımlar atıb. Onun atdığı şər-böhtanların sayı, üslubu artıq məcrasından çoxdan çıxıb və qarşısı alınmasa hədəfində daha hansı məqamlar olacaq məlum deyil.
İşimdə daim məsuliyyətli və diqqətli olduğum halda düşdüyüm çarəsiz vəziyyətdən çıxış yolunu yalnız Sizə müracət etməkdə görürəm. Siz daim haqqı tapdanılan insanların yanındasınız.
Dövlətimə xidmət etməyə hər zaman hazır olan bir ziyalı, gənc və sizi özünə örnək seçmiş xanım olaraq mənə kömək etməyinizi xahiş edirəm.
Xahiş edirəm hal-hazırda nəinki karyeramın hətta sağlamlığımın, qadın şəxsiyyətimin, ləyaqət və nüfuzumun tapdalandığına görə acınacaqlı vəziyyətdə olduğumu nəzərə alaraq, məsələylə bağlı Sizinlə görüşmək üçün icazə verəsiniz.(aztoday.az)
Filologiya üzrə fəlsəfə doktoru, ADU-nun
Filologiya və Jurnalistika fakultəsinin dekanı,
ADU-nun YAP Qadınlar Şurasının Sədri
Vüsalə Ağabəyli
www.yenicag.az