Deputat-İTV qalmaqalında kim haqlıdır?

media-hightechnic-468x90

itv

Millət vəkili Etibar Hüseynov facebook səhifəsində İctimai Televiziyanın efirindəki yanlışlıqla bağlı status yazıb. O qeyd edib ki, 24.10.2014 tarixində İTV-nin “Ana Xəbər” buraxılışında təqdim olunan hava haqqında məlumat ən azından avqust ayında hazırlanıb: “Dünyanın əksər ölkələrində İctimai TV-lər tamaşaçıların ( özəl və dövlət televiziyalarına nisbətdə) daha çox güvənib, inandığı bir kanal sayılır. Elə bizdə də belədi… Amma dünən şahidi olduğum bir məqam sadəcə təəssüf hissi yaratdı. Bu, inam və güvənə kölgə saldı. Belə ki, İTV-nin “Ana Xəbər” buraxılışında təqdim olunan hava haqqında məlumat ən azından avqust ayından qalma idi. Çünki bir sıra Orta Asiya respublikalarında bu gün şaxtalı havalar hökm sürdüyü halda, İTV ekranlarından həmin ərazilərdə 35- 40 dərəcə isti proqnozu verilirdi.

Tam aydın idi ki, buraxılışı hazırlayanlar artıq neçə müddətdir, yalnız ölkədaxili hava proqnozlarının göstəricilərini dəyişib, vəssalam. Bu isə tamaşaçıya qarşı hörmətsizlik, onu ələ salmaq – bir sözlə, əsl biabırçılıqdı. Bunun başqa adı yoxdu”.

E.Hüseynov “hava haqqında” buraxılışlara laqeyd yanaşan həmkarlarına səslənərək bildirib ki, “səhv edirsiniz”: “Heç də hamı sizin zənn etdiyiniz kimi, “Hava haqqında”nı tək aparıcının açıq-saçıq geyiminə görə izləmir. Bu bütün TV-lərdə ən kütləvi izlənən bölümlərdən biridir. Buna görə də təsadüfi deyil ki, az qala bütün TV-lərdə bu buraxılışlar tanınmış sponsor markaları tərəfindən təqdim olunur.

Unutmayın ki, bir çox hallarda insanlarımız növbəti gün üçün çalışma və səfərlərini məhz bu məlumatlar əsasında planlayırlar. Ona görə də lütfən və lütfən diqqətli olun. Və bütün dünyaya yayımlandığınızı da bir an belə unutmayın. Çünki əmin olun ki, dünyanın hər hansı bir nöqtəsindəki əcnəbi tamaşaçı sizlərin hər hansısa proqramınıza baxmasa belə “hava haqqında” buraxılışına mütləq nəzər yetirir. Ona görə də sizlər də diqqətli olun… Ki, yağışdan çıxanları təzədən yağmura salmayasınız”.

İTV-nin baş direktoru Cəmil Quliyev deputatın iradına belə münasibət göstərib: “Mən İctimai Televiziyanın rəhbəriyəm. Mənim danışığım İctimai telviziyanın mövqeyidir. Hər hansı bir millət vəkili öz fikirlərini və iradlarını bildirə bilər. Biz iradlara açığıq, amma iradlar da real olmalıdır. Mən Etibar Hüseynovun telekanalımızın hava buraxılışı ilə bağlı dediklərini qəbul etmirəm. Bu necə real olmaya bilər ki, həmin məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna və digər mənbələrə istinadən veririlir. Ona görə, televiziyanı tənqid edən millət vəkili iradlarını bildirərkən fikirləşməlidir. Qaldı ki, Etibar Hüseynovun ictimai nüfuzuna, mən əgər bu kürsüdə oturmasaydım, o zaman onun nüfuzu haqda fikir bildirərdim. Bir daha deyirəm, mənim mövqeyim İctimai Televiziyanın mövqeyidir, İctimai Televiziya isə qərəzli mövqe bildirə bilməz”.

Cəmil Quliyevin sözlərinə deputatın cavabı gecikməyib. Yenicag.az həmin cavabı qısa ixtisarla təqdim edir: “Mən milyonların görüb bildiyi bir məsələni sadəcə olaraq ictimailəşdirdim. Özü də təhqirə filana yol vermədən. Buna görə təşəkkür etmək, bundan nəticə çıxarmaq əvəzinə İTV rəhbəri mənə qəzəb və kinayə ilə cavab verib, özünə çox gülünc bir bəraət qazandırır.. Təəsüflər Cəmil müəllim”.

Qeyd edək ki, istər telekanal, istər istənilən media qurumu və ya fərdin səhv etməsi mümkündür və buna bildirilən irad da normal qarşılanmalıdır. İTV adından göründüyü kimi ictimai telekanal olduğundan bir millət vəkilinin göstərdiyi irada sərt reaksiya Azərbaycan cəmiyyətində tənqidə dözümsüzlüyü göstərir. Təbii ki, biz məsələni görünən tərəfinə baxaraq şərh edirik və pərdəarxasında nə baş verdiyindən xəbərdar deyilik. Lakin gördüyümüz qədəri ilə Cəmil müəllimin bu məsələdə məsuliyyətsiz işçilərini cəzalandırması daha məqsədəuyğun olardı, nəinki deputata sərt cavab verməsi. Çünki dünyanın bütün hava proqnozlarına görə, hazırda Astanada nəinki 34-35 dərəcə isti var, adamlar soyuqdan donurlar. Bu səbəbdən də inanırıq ki, məsələyə bu şəkildə reaksiya verməsi Cəmil müəllimə yanlış bilgi verilməsindən qaynaqlanır.

astana3 irv3 asatana

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600