Deputat onları sərt tənqid etdi: "İqtisadiyyatdan başı çıxmayanlar..."
“İqtisadiyyatdan başı çıxmayanlar, ölkənin strateji hədəflərini anlamayanlar tənqid edir, müxtəlif fikirlər səsləndirirlər”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
O, Azərbaycanın iqtisadi potensialı və perspektivdə olan hədəflərindən danışıb.
Deputat bildirib ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsi büdcə sistemi haqqında qanuna uyğun şəkildə hazırlanır və yüksək peşəkarlıqla böyük təcrübə əsasında tərtib olunur:
“Büdcə ilə bağlı müxtəlif adamlar danışırlar. İqtisadiyyatdan başı çıxmayanlar, ölkənin strateji hədəflərini anlamayanlar tənqid edir, müxtəlif fikirlər səsləndirirlər. İqtisadiyyat isə populizmi sevmir, reallığı sevir. İqtisadi məsələləri həll edərkən real vəziyyətə söykənmək, ölkənin strateji hədəflərini, həmçinin dünyada baş verən prosesləri nəzərə almaq lazımdır. Qısacası, hər şey kompleks şəkildə dəyərləndirilməlidir.
Hazırda 82 milyard manat həcmində ehtiyat valyuta fondumuz var. Bu ehtiyatlar büdcəmizdən dəfələrlə çoxdur. 2026-cı il üçün büdcəmiz 41 milyard manat məbləğində müəyyən edilib. Həmin rəqəmlə müqayisədə ehtiyatlarımız daha böyükdür.
Dünyada elə ölkələr var ki, Dünya Bankının hesablamalarına əsasən, onların büdcəsi böyük borclar hesabına formalaşır. Yəni Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan alınan kreditlər vasitəsilə. Elə ölkələr də var ki, onların ümumi daxili məhsulu bütün borclarının ödənilməsinə belə çatmır.
Azərbaycanın isə belə problemi yoxdur. Kifayət qədər iqtisadi xarakterli maliyyə ehtiyatları mövcuddur. Bu vəsaitlər strateji hədəflər nəzərə alınmaqla istifadə edilir. “Əlimizdə olanı xərcləyək, məsələ həll olundu” yanaşması, əlbəttə ki, doğru yol deyil. Azərbaycanda bütün məsələlər elmə, iqtisadiyyatın qanunlarına əsaslanır.
2026-cı il büdcə müzakirələrində üç əsas istiqamət xüsusi önə çıxır ki, bunlardan birincisi, Azərbaycanın təhlükəsizliyi məsələsidir. Buraya təbii olaraq ordunun inkişafı və orduya ayrılan vəsait daxildir. Çünki sabah dünyada nələrin baş verəcəyini dəqiq bilmək mümkün deyil. Müxtəlif hadisələr baş verə bilər. Azərbaycan buna hər zaman hazır olmalıdır”.
Nəsimi Ələsgərli












