“Deputatların böyük əksəriyyəti danışmır”
Yenicag.az saytının bugünki qonağı 125-lər Siyasi Klubunun üzvü Günel Səfərovadır.
– Günel xanım hazırda fəaliyyət planınız nədən ibarətdir?
– 2014-cü ildə biz 125-lər Siyasi Klubunu formalaşdırdıq. Strategiyaya girişi məhz buradan başlamaq istəyirəm. Biz seçkili orqanda təmsil olunmayanlardan ibarət olsaq da, hər kəs öz sahəsinin professionalıdır. Biz düşündük ki, dəyişikliyi qanunvericilik sektorundan gətirə bilərik. Çünki icraedicidə mümkün deyil. Hazırlaşıram ki, mən Nəsimi rayon 21-ci dairədən millət vəkilliyimə namizdəliyimi verim. Mən daha çox sosial hüquqlar sahəsində özümü görürəm. Fəaliyyət sahəm birbaşa aztəminatlı insanlardır. Düşünürəm ki, sosial hüquqların bərpası bir çox problemlərin həllinə gətirib çıxaracaq.
– Millət vəkili seçiləcəyiniz təqdirdə məhz sosial sahədə hansı işləri görəcəksiniz? Hansısa bürokratik əngəllər buna maneə olmayacaq ki?
– Bürokratik əngəllər həmişə olacaq. Mən öz hüquqi biliklərimə və praktiki işimə güvənirəm. Bütün problemlərin kökü sosial statusda təminatı az olan insanlardan gəlir. Biz bunun həlli yolunu bilirik. Sadəcə qanunvericilik strukturu bir status verəcək ki, bunu daha tez həll edə bilək. Qanunlarda olan boşluqlar aradan qaldıraq ki, bu sahə daha rahat tənzimlənsin. Azərbaycanda seçici fəallığı nədən aşağıdır və bunun səbəbi nədir? Biz seçkilərə öz fəaliyyət qrupu kimi deyil, çox ciddi yanaşırıq. Bəlkə də gəldiyimiz ictimai sektordan siyasi bilgisi olan insanın qrupda olmasında irəli gəlir ki, o bizə siyasəti professianal yanaşmağımızı tələb edir. Siyasət bir elmdir. Siyasət hansısa dövlət qurumunda təmsil olunmaq deyil. Qeyd edim ki, seçici fəallığı olduqca aşağıdır. Özümün dairəmi analiz etsəm deyə bilərəm ki 33 min seçicim var və 22.5 % seçici fəallığı var. Sizcə bu nə dərəcədə yaxşı göstəricidir?! Bu onu göstərir ki,seçici seçkidə iştirak etməyən tərəfdir. Nə qədər acınacaqlı olsa da bu belədir. Kampaniya dövründə seçicilərimi fəalaşdırmağa çalışacam. Günahı seçilərin üstünə atmaq istəmirəm. Ola bilsin bu və ya digər səbəbdən onlar düşünürlər ki, Milli Məclis təyinatlı bir yerdir. Bunu düşnməyə müəyyən qədər haqları da var. Biz iş aparanda təkcə Günel Səfərovanın təbliğatı ilə məşğul olmayacayıq. Biz həm də seçinin öz hüququnu bərpa etməsi üçün şərait yaradacayıq.
– Cəmiyyətimizdə siyasilərə olan inamsızlığın başlıca səbəbi nədir?
– Azərbaycanda ictimai-siyasi fəallıq çox aşağıdır. Siyasi səhnəyə baxdıqda 2 rəng aydın seçilir: biri hakimiyyət digəıri isə müxalifətdir. Müxalifət ənənəvi müxalifətdir. Elə hakimiyyət ənənəvidir. Biz ənənəvi müxalifət deyilik. Biz ortada fərqli bir rəngik. Bizim iddiamız da, fikirlərimiz də fərqlidir. Bunların hamısı dövlətçiliyə xidmət edir. Heç biri dövlətçilik əleyhinə deyil. Biz siyasətə gəlmədən öz işimizi davam etdirə bilərdik. Amma biz biganə qala bilmərik. Ona görə siyasətə gəldik ki, cəmiyyətdəki fərqliliyi ortaya qoyaq. O ki, qaldı insanların mövqeyinə burada sırf hakimiyyəti də günahlandırmaq düzgün deyil. Əgər seçici gəlib öz hüququndan istifadə etsə, insanlar öz hüquqların bilsələr, nəyisə dəyişə bilərik.Tam cəmiyyəti də günahlandırmaq olmaz. Burada da hakimiyyətin yaxşı strategiyası olmalıdır ki, bunu insanlara aşılasın. Problemləri saymaqla bitməz. Deyə də bilmərəm ki, biz gələn kimi bütün problemləri həll edəcəyik. Ən azı qanunvericilik sahəsində öz töhfəmizi verəcəyik. Bunu xüsusi qeyd etmək istəyirəm. Seçici düşünür ki, millət vəkili yol çəkən, su problemini həll edən yaxud vətəndaşın damını qırlayandır və s. Amma bilmək lazımdır ki, millət vəkili öz seçisinin problemini həll edən, onun mənafeyini Milli Məclisdə müdafiə edəndir. Bunu çəkinmədən deyə bilərəm ki, millət vəkilləri öz dairəsində çox az işləyirlər. Çox az millət vəkili var ki, bu gün insanlar onu tanıyır.
– Millət vəkillərindən hansının işindən razısınız?
– 2010-cu ildə bəzi millət vəkillərini tanımayanda, utanırdım. Amma sonradan başa düşdüm ki, bu mənim günahım deyil. Bu həmdə onların günahıdır ki, özlərini tanıtmayıblar. Hətta seçilərinin də tanımadığı millət vəkiləri də var. Açıq deyəcəm, lakin ad çəkmək istəmirəm ki, anti-təbliğat olsun. Biz 125-lə olaraq hər hansı prosesdə danışanda seçicilər bəzən müraciət edirlər ki, indi bizim millət vəkilimiz kimdir. Təsəvvür edirsiniz bu necə acınacaqlı vəziyyətdir. Deputatların böyük əksəriyyəti ümumiyyətlə, heç danışmır. Digər tərəfdən qeyd etməliyəm ki, Azərbaycan heç də asan bir dönəm yaşamır. Azərbaycanın xarici əlaqələrini tənzimləyəcək mühüm insanlara ehtiyac var.
– Qərb dövlətlərini Azərbaycan anti-təbliğat aparmaqda günahlandırılar. Xüsusilə Avropa Oyunları öncəsi bu özünü daha çox göstərirdi. Sizcə doğurdanmı bu belədir?
-Bunu konkret olaraq bilmək lazımdır ki, Azərbaycana demokratiya haradansa gəlməyəcək. Azərbaycanda demokratiyanı özümüz yaratmalıyıq. İslahatları biz özümüz aparmalıyıq. Hər hansı xarici dövlət xadiminin anti Azərbaycan təbliğatı cəmiyyətimizə nə dərəcədə təsir göstərib-göstərməyəcəyi də mübahisəli məsələdir. Xüsusilə Avropa Oyunları gəldikdə bu bir idman yarışıdır. Burada ikili standart açıq aydın görsənir. Düzdür düşünülə bilər ki, bura çəkilən xərcin sosial hüquqlarımızla bağlı problemlərə yönlədirmək olardı. Amma digər tərəfdən diqqət etsək, görərdik ki, Avropa Oyunlarında əhalinin çox hissəsi razı idi. Yəni bildirmək istəyirəm ki, Avropa Oyunları hədəf olmamalıdır. Buna idman oyunları kimi yanaşmaq lazımdır. Siyasi yanaşmanı anlamıram. Biz müxtəlif sahələrdə ikili standartlarla qarşlaşmışıq. Bu tək Azərbaycana qarşı olmayıbdır. Postsovet ölkələrində bu cür yanaşmalar müşahidə edilib. Bunun da həlli yolu güclü dövləti qurmaqdan keçir. Güclü dövlətin olduğu təqdirdə xarici təsirlər minimuma enir. Azərbaycan həssas regiondur.
– Azərbaycan hakimiyyətini Rusiyaya sığınmaqda günahlandırırlar Elədirmi sizcə?
– Azərbaycan dövlətinin imzaladığı sənədlər, üzv olduğumuz qurumlar hamısı Avropa ilə bağlıdır. Rusiya ilə biz heç bir sazişə qoşulmamışıq. Nə vaxt ki, Rusiya ilə sazişlərə və qurumlara qoşulsaq onda mən bu fikirlə razılaşaram. Mən bu mövqe ilə razılaşmıram. Bu sadəcə Rusiya meylli insanların çıxışı ola bilər. İstisna deyil ki, hakimiyyətdə də, müxalifətdə də Rusiya meylli insanlar ola bilər. Rusiya meylli olduğunu təsdiqləyən hansısa sənəd imzalanması, yaxud qurum üzvlüyü olmadığı təqdirdə demək ki, hakimiyyət Avropa meylini tutub.
Müsahibəni hazırladı: Kamran Ədalətoğlu