“Dərman mafiyası” dövlətə qarşı dirənir – Apteklərdən nazirə qarşı kütləvi “itaətsizlik”

Apteklərdə yaranan və vətəndaşları özündən çıxaran qıtlığın inanılmaz sirri!

Son günlər əlində resept apteklərə üz tutanlar əli ətəyindən uzun oradan çıxmalı olurlar. Çünki dərmanlar yoxdur. Səbəbini soruşanda “qiymətlərin enməsinə görədir” cavabını alırlar. Qiymətlərin ucuzlaşacağına, pulunun yarısının cibində qalacağına inananlar indi elə çətinlik yaşayır ki, baha qiymətə belə dərman almağa razıdırlar.

Hələ avqust ayında qiyməti endirilən dərmanlar barədə ilk məlumat yayıldı. Tarif Şurasının sonuncu qərarından sonra ümumilikdə elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətinin endirildiyini açıqladılar. Lakin endirim məsələsi gündəmə gələndən apteklərdə qıtlıqdır. Aidiyyəti nazirliklər bu məsələyə aydınlıq gətirərək problemin qısa zamanda həll olacağına və sentyabrın 15-dən əhalinin nə qiymət, nə də qıtlıq problemi yaşayacağına söz verdilər.
Amma dünən publika.az saytının əməkdaşlarının şəhər apteklərindəki monitorinqi fərqli mənzərədən xəbər verir. Onların yazdıqlarından: “Tarif Şurasının qiymətlərini endirdiyi dərmanlardan kiçik bir siyahı hazırlayıb üz tutduq apteklərə… Bakının bir başından o biri başına qədər gəzmədiyimiz aptek qalmadı, amma siyahıdakı heç bir dərmanı tapa bilmədik. Seçdiyimiz dərmanlar – askarnit, nurofen, kartan, ladikor, norvacor, kardilopin, elkar və s idi. Amma siyahını hansı aptekə təqdim etdiksə, bu dərmanları gördüm deyən olmadı.
Aptek əməkdaşlarından biri qıtlığın səbəbini depoda dərmanların qiymətlərinin üzərlərinə vurulması prosesinin başa çatmaması ilə izah etdi: “Bundan sonra dərmanları yeni qiymətə satacağıq. Daha ucuz olacaq. Amma hələ ala bilməmişik. Bizdə olan dərmanların hamısı satışdan çıxarıldı. İndi yeni qiymətlərlə alacağıq. Əslində, qiymətlərin enməsi, hər yerdə eyni qiymətə satılması bizə də sərf edir. Bəzi adamlar qiymət baha olanda bizə qarğış edirdi. Elə bil pulun hamısı bizə çatır. Demək olmur ki, həkimin firma dərmanı yazıb, aptek nə etsin. Amma indi dərman firmalarının da bazarı bağlandı. Daha dərman gətirmək onlara sərf etmir. 6 manatlıq dərmanı əvvəllər 20 manata satırdılar. 5 manatını həkimə verirdilər, qalanı özlərinə qalırdı. Hələ üstəlik həkimə maşın, kondisioner və daha nələr verirdilər. Axı dərmanlarını həkim satırdı. İndi həkimlər də qazana bilməyəcək”.
Ürəyi dolu olan əczaçı xanımdan apteklərin indiyə qədər baha aldıqları dərmanları ucuz qiymətə satmağın nə qədər sərfəli olmasını da öyrəndik: “Əslində qiymət endirimi bizim işimizə elə də təsir etməyib. Çünki baha aldığımız dərmanı elə dövlət bizdən o qiymətə, hələ 70 qəpik, bir manat da bahasına aldı. Bundan sonra da satdığımız dərmanın 15%-i bizə çatacaq. Bircə dərmanların hamısını ala bilsək, gələnləri geri qaytarmazdıq. Çünki neçə vaxtdır, dərmanların çoxu yoxdur deyə yaxşı satış edə bilmirik”.
…Apteklərdə müşahidə etdiyimiz digər məqam firma dərmanlarının satışda olmaması idi. Qiyməti ucuzlaşdırılan dərmanları tapmayanlar bir tərəfə, firma dərmanı axtaranlar da aptek-aptek gəzməkdən bezmişdilər.
Alıcılarla söhbətimizdən bəlli oldu ki, əhali iki qrupa bölünüb. Bir qisim qiymətin enməsindən məmnun olsa da, digərləri dərman tapmamaqdan şikayətçi idi”.
“Unikal”ın məlumatına görə, apteklərdəki qıtlıq dərman bazarındakı güclərin iki nazirə – səhiyyə naziri Oqtay Şirəliyevlə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevə qarşı protestosu kimi də dəyərləndirilə bilər. Məlumdur ki, dərmanların ucuzlaşdırılması Prezidentin təlimatı ilə bu nazirliklərinin işbirliyi nəticəsində mümkün olub.
İndi dərman bazarındakı güclər apteklərdə qıtlıq yaratmaqla ucuzlaşdırma qərarına qarşı təpkilərini ortaya qoyurlar. Bu barədə qəzetimizə danışan adının çəkilməsini istəməyən mənbənin dediyinə görə də, apteklərdəki qıtlıq süni xarakter daşıyır və böyük ehtimalla məqsədlidir: “Ucuzlaşdırma qərarı şübhəsiz ki, dərman bazarında pay sahibi olanlar tərəfindən xoş qarşılanmayıb. Bu səbəbdən onların həmin qərara etirazlarını bildirmək, belə bir addımı protesto etmək niyyəti ilə süni qıtlıq yaratmaları inandırıcı görünür”.
Amma qaynağımız əmindir ki, həqiqətən bu cür olsa belə, bunun onlar üçün hər hansı nəticəsi olacağına inanmır: “Apteklərdəki qıtlıq vətəndaş narazılığını artırdıqca hökumətin problemin həlli istiqamətində müdaxiləsi qaçılmaza çevriləcək. Amma gözləmək ki, həmin müdaxilə qiymətləri müəyyən qədər bahalaşdırmaqdan ibarət olacaq, bu sadəlöhvlükdür. Dərman bazarının “oyunçuları” əvvəl-axır Tarif Şurasının müəyyənləşdirdiyi qiymətləri qəbul etmək məcburiyyətində qalacaqlar”./unikal.org