“Müxalifət partiyaları öz imkanlarını bir-biri ilə mübarizəyə sərf etdikcə, ortada nəticə olmayacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədaxili siyasətdə yeni fəallıq dalğasının yaranması imkanlarını dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.
Elşad Musayevin fikrincə, ölkədə istənilən prosesin təşəbbüskarı xalq olmasa, siyasi qüvvələrin edəcəyi bir iş yoxdur:
“Gördüyünüz kimi, ölkədə hakimiyyət güclü, müxalifət isə zəifdir. Hakimiyyət öz siyasətinə sadiq qalaraq, cəmiyyətdə fəallığın yüksəlməsinə təkan verə biləcək amilləri neytrallaşdıra bilir.
Belə bir şəraitdə müxalifət özünün məhdud imkanları ilə fəallıq dalğası yaratmaq iqtidarında deyil. Bizdə isə çox təəssüf ki, müxalifət partiyaları öz resurslarını bir-birilə mübarizəyə sərf edərək, düşərgədə birinci olmağa cəhd göstərirlər. Belə olduqda isə hər hansı nəticədən danışmaq mümkün deyil.
Digər tərəfdən, etiraf edilməlidir ki, ölkədə istənilən prosesin, dəyişikliklərin təşəbbüsü xalqdan gəlməlidir. Xalqın böyük hissəsi hərəkətlənməsə, siyasi qüvvələrin edəcəyi bir iş yoxdur”.
A.Zeynalov
www.yenicag.az