DİQQƏT! Açıq havada KİNOSEVƏRLƏR GECƏSİ keçiriləcək – Göstəriləcək filmlərin SİYAHISI

Bu gün YARAT Müasir İncəsənət Məkanının qarşısında 20:00-dan 00:00-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə  Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək.

Yenicag.az xəbər verir ki, filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.

1) “Olimpiya”, 2021, Azərbaycan, melodrama, 67 dəq.

Rejissor: Əli-Səttar Quliyev

Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində başlayıb, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam edib və uzaq Kubada sona çatıb. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov uzun müddətdir, peşəkar idmandan uzaqlaşıb, doğma qəsəbəsində sakit  həyat sürür. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi müəllimidir. Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir…

2) “Daxildəki ada”, 2020, Azərbaycan / Fransa,

dram, 100 dəq.

Rejissor: Rüfət Həsənov

Treyler:

Baş qəhrəman Seymur Tahirbəyov dünyanın qabaqcıl qrossmeysterlərindən biridir. Karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya xəlvətcə yola düşür.

3) “Axşama doğru”, 2020, Azərbaycan, dram, 12 dəq.

Rejissor: Teymur Hacıyev

Treyler:

Fiziki yaxınlığı mənəvi yaxınlıq kimi görməyən cütlük, ailə məclisində iştirak etmək üçün şəhər kənarına çıxır. Məişət məsələləri onları dayanmağa və hiss edilən, lakin gözlənilməyən reallığı kəşf etməyə sövq edir.

4) “Quxuroba”, 2020, Azərbaycan, dram, 21 dəq.

Rejissor: Teymur Qəmbərov

Treyler:

Taksi sürücüsü Rasim, müdirindən mütləq yerinə yetirilməli olan çox vacib bir tapşırıq alır: O, şəhər kənarındakı ucqar bir kəndə gəlinlik paltarı çatdırmalıdır. Rasim yolüstü cavan bir qadın götürür: onların danışmağa heç bir mövzuları olmur, amma buna baxmayaraq bir-birlərinə deməyə yenə də sözləri var…