!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Dizel də bahalaşacaq" - Ekspertdən bədbin proqnoz

!Reklam – Yazi

Tarif Şurasının dünən keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb. İclasda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

Bəs bu gündən qüvvəyə minəcək qərar başqa hansı sahələrdə qiymət artımına səbəb olacaq?

Yenicag.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı OilGas.az iqtisad elmləri namizədi, Azərbaycan İqtisadçılar Klubunun prezidenti, keçmiş millət vəkili Nazim Bəydəmirli ilə əlaqə saxlayıb.

İqtisadçı bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da qiymət artımı zəncirvari olur:

“Benzin yanacağında qiymət artımı istər qida sənayəsi, istər logistika, istərsə də xidmət sahəsinə sirayət edəcək. Enerji daşıyıcılarının nəqliyyat xidmətlərinin maya dəyərinə ən azı 20% təsiri var. Təbii ki, gedişhaqqı qiymətlərinə dair qərarı Tarif Şurası verəcək. Benzinin qiyməti bahalaşdıqdan sonra Tarif Şurası gedişhaqqı qiymətlərini də yenidən nəzərdən keçirtməli olacaq”.

N.Bəydəmirlinin sözlərinə görə, dizel yanacağının qiymətində də artım olacağı istisna deyil:

“Gedişhaqqı qiymətlərinin qaldırılmaması üçün dizel yanacağından daha çox istifadə olunması və dizelin qiymətinin bu və ya digər şəkildə sabit qalması əsas göstərilə bilər. Lakin düşünürəm ki, dizel yanacağı da bahalaşacaq. Dünya təcrübəsi göstərir ki, dizel yanacağı ilə benzinin qiymətləri arasında heç vaxt kəskin fərq olmur. İnkişaf Etmiş Ölkələrin təcrübəsinə əsasən, bu fərq yalnız 10-15% təşkil edir. Odur ki, zənnimcə, qiymət artımı bununla məhdudlaşmayacaq, dizel yanacağının qiymətində mütləq artım olacaq”.

İqtisadçı qeyd edib ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal edilmədiyinə görə, ölkəyə idxal edilir. Odur ki, qiymətdə hər hansı artım gözlənilmir:

“Dünya təcrübəsində, Premium benzinin qiyməti heç də yüksək deyil. Aİ-95 markalı benzini istehsal etməyən ölkələr ona aksiz və idxal vergisi tətbiq edir. Bu baxımdan qiymət yüksək olur. Lakin dünyada bu markalı benzinin 1 litrinin topdansatış qiyməti 30 senti keçmir. Yəni vergi və rüsumlar əlavə olunduğu üçün bu benzinin qiyməti yüksəlir. Odur ki, qiymətdə artıma səbəb yoxdur. Yalnız əvvəl də dediyim kimi qiymətlər arasındakı 10-15% fərqi qorumaq üçün qiymət artımı ola bilər”.

N. Bəydəmirli Azərbaycanda Aİ-92 markalı benzinin İnkişaf Etmiş Ölkələrə nisbətən baha olduğunu bildirib. Onun sözlərinə görə, qiymət artımına səbəb son zamanlar Azərbaycan hökumətinin ölkəyə cəlb etdiyi xarici kreditlərdir:

“Tarif Şurası açıqlamada qonşu ölkələrlə müqayisə aparıb. Burada qeyd olunub ki, MBD ölkələri arasında ən ucuz benzin Azərbaycandadır. Lakin bu qiymət artımından sonra Azərbaycanda benzinin qiyməti İnkişaf Etmiş Ölkələrdən, hətta ABŞ-dan belə daha yüksək oldu. Üstəlik, nəzərə alaq ki, xarici ölkələrdə əməkhaqqı bizdəkindən qat-qat artıqdır.

Çox güman ki, bu artımın səbəbi son vaxtlar Azərbaycanın SOCAR vasitəsilə xarici kreditlər almasıdır. Xarici kreditlərin geri qaytarılması kommunal tariflərin, vergi və rüsumların artırılması ilə zəmanət altına keçə bilər. Görünür ki, Azərbaycan hökumətinin başqa çıxış yolu olmayıb. Lakin bu artım əhalinin maddi vəziyyətinin kəskin pisləşməsinə, istehsal sahəsinin geriləməsinə gətirib çıxara bilər”.

Yenicag.az

COP29

www.yenicag.az

1639
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv