“Rasim Azərbaycan kinosunda parlaq sima idi. O, sağlığında özünə heykəl qoyub, tarix yaradıb”.
Bu sözləri yaxın dostu xalq artisti Elxan Qasımov Yenicag.az-a açıqlamasında Azərbaycan milli kino tarixinə “Tütək səsi”, “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq” kimi filmlər bəxş edən,
XX əsrin ən böyük rejissoru sayılan görkəmli rejissor Rasim Ocaqovun anım günündə söyləyib.
E.Qasımov Ocaqovla bağlı xatirələrini söyləyib:
“Rasim işində hədsiz dərəcədə tələbkar adam idi, sözü bir dəfə deyirdi, sənətlə bağlı heç nəyi bağışlamazdı. Bu adam kino ilə nəfəs alırdı. Bayağılığı, təmtərağı sevməzdi. Bir köhnə şapkası vardı, həmişə başında olardı. Siqareti də əlindən düşməzdi. Ömrünün sonuna qədər də şapkasına və siqaretə sadiq qaldı. Həsənağa Turabovla da yaxın dost idi. Bir dəfə kinostudiyanın bufetində oturmuşduq, ad günümü qeyd edirdik. Həsənağa bir sağlıq dedi ki, kinostudiyanı Elxansız təsəvvür edə bilmirəm. Rasim dedi ki, ağ eləmə də. Həsən dedi, Rasim mən kinostudiyanı deyirəm e, kinonu yox. Kinoda sənsən. Aralarında çox şirin zarafatları vardı. Futbolla, xokkeylə bağlı şirin mübahisələri düşürdü. Bir dəfə nəsə oldu, Rasim qayıtdı ki, sən düz demirsən, mən bu mövzuda sənin qabağına qoz qoyaram. O da hirsləndi ki, qoya bilməzsən. Rasim cibindən qoz çıxarıb masanın üstünə qoydu ki, bəs bu nədir? Deməli, qabaqcadan evdən qoz gətiribmiş ki, Həsənağanı cırnatsın. Belə zarafatların sayı-hesabı yoxdur. Rasim ailəsinə bağlı olan bir kişi, uşaqlarını hədsiz sevən ata idi. Kinoda yeri həmişə görünəcək. Ocaqov çəkdiyi filmləri ilə həyatına bu gün də davam edir”.
Cəvahir
www.yenicag.az