Dünya nəhəngləri Trampa qarşı – Avropa İttifaqı və Çin birləşdi

Trampın Paris İqlim Sazişindən imtina qərarının elan edilməsinə bir neçə saat qalmış Çin və Avropa İttifaqı gözlənilməz bir addım atdı.

Yenicag.Az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər sazişin məcburi əhəmiyyət daşıması barədə razılığa gəliblər. BBC-nin əldə etdiyi qaralama mətnində bu məcburiyyət xüsusilə vurğulanıb, sazişin ən ali səviyyədə siyasi iradənin təzahürü kimi həyata keçirilməsinin vacibliyi bildirilib.

Bu ortaq qərarın cümə günü Brüsseldə keçiriləcək Aİ-Çin zirvə görüşündən sonra elan ediləcəyi gözlənilir. Tərəflər Trampın Paris İqlim Sazişi barədə verəcəyi qərara etiraz olaraq belə bir addım atacaqlar.

Qaralama mətnində qlobal istiləşmənin beynəlxalq səviyyədə təhlükəsizlik məsələsi olduğu diqqətə çatdırılır.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp seçki kampaniyası zamanı iqlim dəyişikliklərində insan faktorunun olmadığını müdafiə edərək, Paris sazişini ləğv edəcəyini vəd vermişdi. Trampın bu məsələ ilə bağlı yekun qərarı isə bu gün açıqlanacaq.

Yenicag.Az

Loading...