Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları paytaxt ərazisində piyadalarla təbliğat işlərinin genişləndirilməsi məqsədilə profilaktik tədbirlər həyata keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan piyadalarla maarifləndirici söhbətlər aparılıb.
Tədbir zamanı piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da saxlanılıb.
Yol polisləri həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq onlara yeraltı və yerüstü keçidlərdən istifadə etməyin bütün hərəkət iştirakçılarının təhlükəsizliyinə xidmət etdiyini bildiriblər. Bu tipli tədbirlər yalnız piyadaların inzibati qaydada cərimələnməsi məqsədi ilə keçirilmir. Belə tədbirlər zamanı piyadalarla yol polisləri maarifləndirici söhbətlər aparır, bu da polisin cəmiyyət tərəfindən sevilməsi, vətəndaş məmnunluğunun yaranmasına gətirib çıxarır.
Qeyd edək ki, tədbir zamanı yol polisi tərəfindən avtobus dayanacağını zəbt edən sürücülər də müəyyən edilib. Həmin sürücülərin bəziləri yol polislərinin xəbərdarlığından sonra etdikləri qayda pozuntularını anlayaraq nəqliyyat vasitələrini avtobus dayanacağından çıxarıblar. Amma dayanacağı zəbt edən və etdiyi bu qayda pozuntusuna haqq qazandıran sürücülərə də rast gəlinib. Avtobus dayanacağını zəbt edən və sahibi müəyyən edilməyən nəqliyyat vasitələri isə yol polisi tərəfindən əraziyə dəvən edilən Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən evakuasiya edilib.
BŞDYPİ-nin əməkdaşları tərəfindən bu tipli maarifləndirici, həmçinin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq davamlı şəkildə qayda pozan piyadalara qarşı profilaktik tədbirlər bundan sonra mütəmadi olaraq davam etdiriləcək.
www.yenicag.az