Futbol üzrə Rusiya millisinin futbolçusu Aleksand Səmədov karyerasını Azərbaycanda davam etdirə bilər.
Yenicag.az xəbər verir ki, bunu müsahibəsində əslən azərbaycanlı futbolçunun özü deyib:
“Gələcəkdə Azərbaycan klublarından birində oynaya bilərəm. Milli komanda – bu, başqa əhvalatdır, klub oyunçusu kimi… Tamamilə mümkündür. Hər şey vəziyyətdən asılı olacaq. Ancaq təkrar edirəm – bu cür variant tamamilə mümkündür. Niyə də yox?”
Səmədov müsahibəsində Azərbaycanla bağlılığından da danışıb: “Atam həyatda olanda ailəsi, əcdadlarımız haqqında mənə çox şey danışırdı. Ata xətti ilə əcdadlarım Gəncədəndirlər. Məsələn, atamın babası II Dünya müharibəsinin iştirakçısı olub, Budapeştə qədər gedib. Atam artıq həyatda olmasa da, qohumlarımla, xüsusilə əmimlə əlaqə saxlayıram. Qohumlarım çoxdur. Ancaq onlar Azərbaycanda yox, Rusiyada, əsasən də, Moksvada yaşayırlar. Azərbaycan mətbəxini çox sevirəm, böyük fanatıyam”.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi son mövsümü “Krılya Sovetov”da keçirib.
www.yenicag.az