Günay Ağamalı: "IV Şuşa Qlobal Media Forumu mətbuatımızın inkişafının ƏYANİ GÖSTƏRİCİSİDİR"
“IV Şuşa Qlobal Media Forumu Azərbaycanda mətbuatın inkişafının əyani göstəricisi oldu.”
Bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı Yenicag.az-a açıqlamasında bildirib.
Milli Mətbuat Günü münasibətilə ölkə mediasının keçdiyi inkişaf yoluna və mövcud vəziyyətinə diqqət çəkən partiya sədri öz mülahizələrini belə bölüşüb:
“Azərbaycan milli mətbuatının 151 illik tarixi xalqımızın milli oyanışının, dövlətçilik düşüncəsinin və müstəqillik ideyasının salnaməsidir. 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti milli özünüdərkin başlanğıcı, maarifçiliyin və azad fikrin təməli idi. Bu gün həmin ənənə müasir Azərbaycanın milli maraqlara söykənən media mühiti ilə davam edir.
Ümummilli Lider Heydər Əliyevin söz və mətbuat azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi tarixi qərarlar Azərbaycan mediasının inkişafında yeni mərhələnin əsasını qoydu. Dövlət senzurasının ləğvi, hüquqi bazanın formalaşdırılması və jurnalistikanın müstəqil fəaliyyətinin təmin edilməsi milli mətbuatımızın dayanıqlı inkişafını təmin etdi. Möhtərəm cənab Prezident İlham Əliyev bu siyasi kursu müasir dövrün çağırışlarına uyğun davam etdirərək medianın institusional inkişafını, iqtisadi dayanıqlığını və rəqəmsal transformasiyasını dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirdi.
Günümüzdə Azərbaycan mediası milli maraqların müdafiəsində aparıcı qüvvələrdəndir. Xüsusilə Vətən müharibəsi və postmüharibə dövründə jurnalistlərimiz informasiya cəbhəsində böyük peşəkarlıq nümayiş etdirərək Azərbaycanın haqq səsini dünyaya çatdırdılar. Dövlətimizin informasiya təhlükəsizliyinin qorunması, dezinformasiyaya qarşı mübarizə və milli həqiqətlərimizin beynəlxalq auditoriyaya çatdırılması müasir Azərbaycan jurnalistikasının əsas missiyalarındandır.
IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan qlobal media dialoqunun təşəbbüskar ölkələrindən biridir. Şuşadan verilən mesajlar medianın informasiya daşıyıcısı olmaqla yanaşı, həm də sülhün, etimadın və beynəlxalq əməkdaşlığın mühüm platforması olduğunu nümayiş etdirdi. Süni intellekt, rəqəmsal transformasiya və dezinformasiyaya qarşı mübarizə kimi mövzular ətrafında aparılan müzakirələr Azərbaycan mediasının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi.
151 illik tarixə malik milli mətbuatımız zəngin ənənələri, peşəkar kadrları və güclü dövlət dəstəyi ilə Azərbaycanın milli maraqlarının qorunmasında bundan sonra da mühüm rol oynayacaq. Peşəkarlıq, obyektivlik, milli məsuliyyət və vətənpərvərlik prinsiplərinə sadiq qalan media cəmiyyətin etibarlı informasiya təminatçısı olmaqla bərabər, dövlətimizin beynəlxalq informasiya məkanındakı mövqeyinin daha da güclənməsinə xidmət edəcək.
22 İyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edir, Zərdabi irsinə sədaqət nümayiş etdirən, qələmi həqiqətə, sözü dövlətimizə və xalqımıza xidmət edən hər bir jurnalistə yeni-yeni uğurlar diləyirəm.”
Nurlan Cəfəri













