“Övladını çiynlərində son mənzilə aparan, torpağa tapşıran atanın nə çəkdiyini bir Allah bilər”.
Bu sözləri başa çatmasına sayılı günlər qalan “dovşan ili”nin onun həyatına vurduğu ağır zərbədən danışan Əməkdar artist Rəhman Rəhmanov Yenicag.az-a açıqlamasında deyib.
2023-cü ildə dünyasını dəyişən oğlunun ölümündən sarsılan aktyor heç qarşıdan gələn “Əjdaha”dan da heç nə gözləmədiyini bildirib:
“Geridə qoyacağımız “dovşan ili” həyatımın ən ağır ili kimi yadımda qalacaq. Evimdən oğlum getdi. Emil oğul kimi evimdən, sənətkar kimi eldən getdi. Çox ağır günlər yaşadım, indi də özümə gələ bilmirəm.
Balamın yoxluğu sinəmə elə bir dağ çəkdi ki, ömrümün sonuna qədər bu dağla yaşayacam. Övladını çiynlərində son mənzilə aparan, torpağa tapşıran atanın nə çəkdiyini bir Allah bilər.
“Əjdaha ili”ndən çox şeylər gözləyə bilərdim. Arzularım, umacaqlarım da var idi. Ömrümün 50 ilini sənətə, səhnəyə həsr etmişəm. Ömrümün 90 faizini Azərbayan balalarına həsr etmişəm. Yenə öz doğma teatrımda işləyəcəm, səhnədə olacam.
Amma indi daha “Əjdaha ili”ndən heç nə istəmirəm və ondan heç nə gözləmirəm. Çünki “dovşan ili” mənə elə bir dərin yara vurdu ki, “əjdaha” neyləsə də, onu sağalda bilməz”.
Cəvahir
www.yenicag.az