!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eks-prezidentin köməkçisindən sensasiyalı açıqlamalar… – I Hissə

!Reklam – Yazi

6610b5c92bc6“Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı”

1993-cü ilin 4 iyun qiyamının növbəti ildönümü yaxınlaşır, ötən 23 ildə hadisələrin iştirakçıları bu barədə dəfələrlə danışıb, media tərəfindən debatlar təşkil olunub, hətta kitablar yazılıb, amma nələrinsə yenidən xatırlanmasına ehtiyac yaranır. Eks- prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş  Oqtay Qasımovla söhbətimizdə oxucular üçün yeni sayılacaq hətta ilk dəfə xəbər365 saytında səslənən fikrlər var.  

 

 

–    Oqtay bəy, hər bir hadisənin, istər siyasi, istərsə qeyri-siyasi olsun, səbəbləri olur. 1993-cü il 4 iyun qiyamının da təbii ki, səbəbləri var. Hansı səbəblər 4 iyun qiyamı üçün münbit şərait yaratdı?

–     Səbəblər çoxdur. İlk növbədə  AXC hakimiyyətinin müstəqil siyasət yürütməsi və müstəqillik istiqamətində ardıcıl addımlar atması 4 iyun qiyamını şərtləndirən səbəblərdən biridir. Təbii ki, Azərbaycanın müstəqil siyasət yürütməsi qonşu İran və Rusiyanın maraqlarında deyildi. Ona görə   Azərbaycandakı milliyətçi hakimiyyətin dəyişməsi üçün əllərindəki bütün imkanlardan istifadə etməyə çalışırdılar. 1992-ci ilin dekabrında Rusiyanın Azərbaycandakı səfiri Şoniya Moskvaya göndərdiyi məlumatda qeyd edirdi ki, prezident Elçibəyin yürütdüyü müstəqil siyasət bu cür davam edərsə, 2 il sonra Azərbaycan Rusiyanın nüfuz dairəsindən tamamilə uzaqlaşıb müstəqil olacaq, ona görə bunun  qarşısı alınmalıdır. Çünki Azərbaycanın müstəqil siyasət yürütməsi həm digər keçmiş SSRİ respublikaları üçün “pis nümunə” ola bilərdi, həm də Elçibəy kimi milliyətçi-demokrat bir liderin hakimiyyətdə olması Rusiya Federasiyasında yaşayan, muxtar qurumları olan Türk topluluqlarının milli- azadlıq mübarizəsinə təkan verə  və Rusiyanın bir dövlət olaraq parçalanması təhlükəsi yarana bilərdi. Bu və digər amillərə görə Rusiya  Elçibəyin hakimiyyətdə qalmasında  maraqlı deyildi.
–    Ancaq prezident Elçibəyin ilk səfəri Rusiyaya olmuşdu…
–    Doğrudur, ona qədər  ElçibəyinTürkiyəyə qeyri-rəsmi səfəri olmuş, prezident seçkilərnidən bir həftə sonra- iyun ayında  İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Toplantısına qatılmışdı. Amma  Prezident Elçibəyin ilk rəsmi səfəri Rusiyaya oldu. 1992-ci ildə Rusiya səfərində yüksək səviyyəli görüşlər keçirilsə də,  mətbuata görünən hissədə  anlaşma şəraiti olsa da,  əslində o zaman Rusiya prezidenti Yeltsinlə Elçibəy  arasında prinsipial məsələlərlə bağlı  razılıqlar əldə olunmayıb. Bunlar Azərbaycandakı  rus ordusuna  hərbi baza statusu verilərək fəaliyyətini davam etdirməsi və Dağlıq Qarabağda münaqişə zonasına yerləşdirilməsi, sərhədlərimizin rus qoşunları tərəfindən qorunması, Qarabağ münaqişəsinin həllinə yanaşma, neft müqavilələri, Xəzərin statusu kimi prinsipial məsələlərdə Elçibəy güzəştə getmədiyindən  konkret razılaşmalar olmadı. Digər müzakirə edilən məsələlərlə bağlı təkliflərin hazırlanması isə işçi komissiyaya həvalə olunmuşdu.  Əgər xatırlayırsınızsa, prezidentlərin verdikləri bəyanatlar ümumi sözlərlə ifadə olunmuşdu.

 

 

“Yeltsinlə Əbülfəz bəy arasında konkret məsələlərlə bağlı  razılıq əldə olunmadı”

 

–    Ancaq həmin səfərdən bir müddət sonra Rusiyanın baş naziri Qaydar Bakıya gəldi. O, Azərbaycandan xarici siyasətində bir az yumşalma istəyirdi ki, Kremlin güzəştlərinə şərait yaransın. Bu mənada Bakı bəzi güzəştlərə getsəydi Moskva sərtliyini yumşaldardımı?
–    Azərbaycan hansısa anti Rusiya siyasəti aparmırdı ki, ondan bunun yumşaltması istənilsin. Rusiyanın siyasətində imperiya düşüncəsi- ya mənə tabe olub yanımda durursan, ya da kənardasansa “düşmənimsən” düşüncəsi hakim idi. Rusiyaya  hansı güzəştlər edilməli idi- Azərbaycandakı Rus qoşunlarına hərbi baza satusu verilməsimi, Dağlıq Qarabağda münağişə zonasına sülhməramlı adı ilə yerləşdirilməsimi, sərhədlərimizin onların qorumasımı, yeni kəşf edilmiş neft yataqlarının rus şirkətləri ilə birlikdə işlənməsimi ( ən azı texnoloji baxımdan beynəlxalq standartlardan çox geridə idilər), Xəzərin statusu ilə bağlı maraqlarımıza zidd addımlar atmaqmı  tələbləri qəbul etməli idimi?
–    Məsələn, Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzv olması?
–    Ümumən ilk yarım ildə Azərbaycanın Rusiyayla iqtisadi,mədəni və qismən siyasi sferada  münasibətləri  normal idi. MDB ilə bağlı  bəyan edildi ki, Azərbaycan birliyə tam hüquqlu üzv olmasa da  assosiativ üzv kimi toplantılarda iştirak edəcək. Azərbaycan   bu qurumun toplantılarında müşahidəçi qismində  iştirak edirdi, hərçənd ki, iclaslar da vaxtaşırı çağrılmırdı. Digər tərəfdən, nəzərə alsaq ki, Elçibəyin  həyatı Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr olunub, Azərbaycan dövlətinin taleyiylə bağlı prinsipial məsələlərdə güzəştə getməsi  mümkün deyildi. Belə güzəştləri cəmiyyət həm başa düşməz və qəbul etməzdi. Müstəqil Azərbaycanın sərhədlərinin mühafizəsini rus ordusuna həvalə etmək nə qədər doğrudur?  Yaxud Rusiya tələb edirdi ki, Xəzərdə kəşf olunmuş neft yataqları birgə işlənsin. Elçibəy buna prinsipcə etiraz etmirdi, amma deyirdi ki, Rusiyada 41 min neft quyusunun  təmir edilərək yenidən işlənməyə ehtiyacı var, əvvəl bunları həll edlsin, sonra  müzakirə aparaq. Bütün bunlara baxmayaraq Azərbaycan regionun  böyük dövləti kimi Rusiyanın da maraqları nəzərə alınaraq  mehriban qonşuluq prinsipləri əsasında siyasət aparıb. Sadəcə, Elçibəy istəyirdi ki, 200 ilə yaxın Rusiyanın əsarətində olmuş dövlət və xalq olaraq Azərbaycan toparlansın və şimal qonşumuzla normal tərəfdaşlıq əlaqələri qursun. Ancaq Rusiyanın  imperiyapərəst qüvvələrinin (Hərbi Sənaye Kompleksi, QRU, DTK və.) məqsədi o deyildi. Onlar Azərbaycanda hakimiyyəti dəyişmək üçün əllərindən imkanlardan istifadə etdilər və bunu gizlətmirdilər. Fevral ayında Müdafiə Nazirliyində olan dəyişikliklərdən sonra təhdidlər daha da artdı və müxtəlif ssenarilər işə salındı.  Məsələn Rusiyanın Qarabağ üzrə təmsilçisi, Azərbaycana düşmən münasibət bəsləyən Kazimirov Kəlbəcərin işğalından sonra bir görüşdə bizm dövlət rəsmisinə açıq və təhdidkar  şəkildə ” Kəlbəcərin işğalı şokundan tez çıxa bildiniz, görək bir iç qarışıqlıq olsa nə edəcəksiniz” demişdi. Elçibəy hakimiyyətinə qarşı olan müxtəlif qüvvələrin Rusiya təmsilçilərinin iştirakı ilə Moskvada toplanıb hakimiyyətin devrilməsi planını müzakirə etməsi, kommunist deputatların imzalar toplayaraq Ali Sovetin Gəncədə sessiyasının çağrılmasına cəhdlər, Hərbi Birliyin yaradılması  bu ssenarilərin  tərkib hissələri idi. Bundan başqa  faktiki olaraq Qarabağda döyüşən bir çox erməni hərbi hissələrinin komandirləri və döyüşlərdə iştirak edən şəxsi heyətinin bir qismi  Rusiyanın Ermənistanda yerləşən 7-ci ordusunun zabitləri və əsgərləri idi  (Kəlbəcərdə əsir götürülən 13 nəfər rus əsgəri buna misaldır). Bundan başqa Rusiyanın Pskov diviziyasının xüsusu təyinatlı batalyonu da Ermənistan tərəfindən Dağlıq Qarabağda döyüşlərdə iştirak edirdi və  sonralar həmin batalyonda xidmət edənlər  bu faktı təstiqlədilər.
–    Amma ermənilərin də iddiası olmuşdu ki, Tərtərdə Marağa kəndində döyüşdə rus zabitləri döyüşürdü…
–    Azərbaycan ordusunda  milliyətcə rus olan yüksək rütbəli  bir zabit vardı, səhv etmirəmsə soyadı Vasyak idi və özü də  Rusiya vətəndaşı deyildi.
–    Muzdlu rus əsgəri də yox idi?
–    Azərbaycan muzdlu əsgər yardımından istifadə etməyib. Sadəcə, Azərbaycan vətəndaşları olan ruslar, yəhudilər və b.  ordumuzun sıralarında xidmət ediblər.
–    4 iyun qiyamına şərait yaradan sadaladığınız səbəblər daha çox xarici faktorlar idi, bəs daxili, idarəetmədə hansı problemlər oldu ki, AXC hakimiyyətdən getdi?
–    Təbii ki, idarəetmədə müəyyən problemlər vardı.
–    Məsələn, “Elçibəylə 13 saatlıq söhbət” kitabında prezident Elçibəy deyir ki, Müdafiə Nazirliyinin yarıdan çoxu Rusiyanın adamıydı. Söhbət artıq kadrlardan gedir…

“AXC hakimiyyəti qarışıq hakimiyyət sayılmalıdır”

–    Gəlin məsələlərə  bu gündən baxmayaq, o dövrün şərtlərini əsas götürək. Əvvəla, Əbülfəz Elçibəy, AXC hakimiyyətə gələndə Azərbaycanda dövlətin yalnız adı vardı, strukturlar faktiki iflic durumdaydı. 
–    Bəli, büdcədə də 10 milyon olub… 10 milyon rubl, bunun da ekvalenti 1 milyon dollar idi. Belə bir vəziyyətdə hakimiyyətə gəlmiş komanda üçün işləmək çox çətin idi. İkinci, hərəkatdan gələn insanların bir çoxunun dövlət idarəetməsi təcrübəsi az idi. Amma  bu insanların istəkləri səmimi idi və ölkələrinin müstəqilliyini, azadlığını, inkişaf etməsini istəyirdilər. Keçmişdən qalan məmurların əksəriyyəti  təşəbbüskarlıqdan uzaq,  müstəqil işləmək iqtidarında olmayan, yalnız göstərişlə işləyə bilən şəxslər idi. Onların çoxu Azərbaycanın müstəqilliyini və hərəkatdan gəlmiş insanların hakimiyyətini həzm edə bilmirdilər. Hərəkatçıların idarəetmə təcrübəsinin az olması təbii idi, zamanla bunlar  yoluna qoyulurdu. Amma br məqamı unutmaq olmaz ki, o zaman  həm də müharibə  aparılırdı. AXC hakimiyyətə gələn ərəfədə Müdafiə Nazirliyində rəsmi olaraq 156 əsgər qeydiyyatdan keçmişdi. Bu barədə 1992-ci ilin mayında  Milli Məclisdə faktlar səsləndirilmişdi.  Bunları sadalamaqda məqsədim odur ki, belə ağır şərtlərlə hakimiyətə gəlmiş AXC-nin hakimiyyətdən getməsinin səbəbləri çoxdu, yalnız idarəetmədəki təcrübəsizliklə bağlı deyildi.
–    Gələk kadr potensialına, o zaman Prezident Administrasiyasında işləyən Arif Yunusun  apardığı hesablamalara görə AXC-yə ən azı 5 min nəfər peşəkar kadr lazım idi ki, bütün postlara yerləşdirsin. Bunlar isə yox idi…
–    Peşəkar kadrlara ehtiyac hər zaman olub və olacaq. AXC hakimiyəti üçün də bu məsələ istisna deyildi. Bu gün də Azərbaycan dövlətinin  peşəkar kadrlara ciddi ehtiyacı var. Yəni kadr məsələsi həmişə həllinə ehtiyac duyulan problemdir. Digər tərəfdən AXC qarşısına  məqsəd qoymamışdı ki, hakimiyyətə gələndən sonra bütün vəzifələri cəbhəçilərə verəcək. Əslində, AXC hakimiyyəti qarışıq hakimiyyət sayılmalıdır.Nazirlər Kabinetinin  tam əksəriyyəti təsərrüfat sahəsində təcrübəsi olan, AXC-yə aidiyyatı olmayan şəxslərdən- o zamanın deyimiylə- kommunustlərdən ibarət idi: Baş nazir Rəhim Hüseynov, o cümlədən, müavinləri Vahid Əhmədov (Ali Sovetdə Azərbaycanın müstəqilliyinə səs verənlərdən biri  olan Vahid müəllim bacarıqlı təsərrüfatçı idi),  Əsgər Məmmədov (rayon rəhbəri işləmişdi), Abbas Abbasov və b. Nazirlər Kabineti  məmurlarının mütləq əksəriyyətinə toxunulmamışdı. Çox maraqlı vəziyyət yaranmışdı, bir qism insanlar AXC-ni ittiham edir ki, hakimiyyətə gələn kimi peşəkarları vəzifələrdən uzaqlaşdırıb hər şeyi təcrübəsiz cəbhəçilərə həvalə etdilər. Digər qisim isə hakimiyyətin kommunistlərdə qaldığın deyir.
–    Bu məsələlərə qayıdacagıq, mən Əbülfəz Elçibəyin 1992-ci ilin mart ayında Ali Sovetdəki çıxışı xatırlatmaq istərdim, o, deyirdi ki, bugün alqışlarla seçdiyiniz prezidenti 1 ildən sonra istefaya göndərəcəksiniz. Elçibəy bunu dediyi halda niyə hakimiyyətə gəlirdi, onu zamanmı, şəraitmi gətirdi, yoxsa ətrafındakılar…? Çünki İsa Qəmbərlə Pənah Hüseynin Elçibəyin prezidentliyə namizədliyini təkidlə  irəli sürməsini deyənlər də var…
–    Əvvəla Elçibəy çıxışında bunun səbəblərini göstərmişdi. Digər tərəfdən bu məsələni fərdlərə bağlamaq düzgün deyil. Əvvəla 1991-ci ilin 23 avqustunda  Ayaz Mütəllibovun Moskvada qiyam etmiş QKÇP-çiləri dəstəkləməsi onun  əleyhinə çevrildi, hakimiyyəti nüfuzdan düşüb dayaqlarını itirdi. İkincisi 1991-ci il 8 sentyabr prezident  seçkilərini AXC boykot etdi, Naxçıvan Ali Məclisinin qərarı ilə  Muxtar Respublikada seçkilər keçirilmədi.  Rəqibi kimi çıxış edən Zərdüşt Əlizadə  son anda namizədliyini geri götürdüyündən  Mütəllibov  alternativsiz seçkiyə getdi. Seçki günü AXC-nin Azadlıq meydanındakı mitinqinə seçkidən imtina edənlərin yüzminlərlə bildirişlərinin toplandığı çuvallar gətirilməsi və Naxçıvanın baykota qoşulması Mütəllibovun legitimliyini şübhə altına aldı. Belə zəif hakimiyyətin uzun sürməyəcəyi məlum idi. Xüsusilə 20 noyabr 1991-ci ildəki vertolyot qəzası (çox güman ki, bu, Rusiyanın təxribatıydı) nəticəsində Azərbaycanın dövlət rəhbərlərinin əksəriyyətinin  həyatını itirəndən sonra hakimiyyətdə yaranan boşluğu nə Mütəllibov, nə də yeni komandası  doldurub ölkəyə nəzarəti təmin edə bilmədi. 1992-ci ilin martın 6-da Mütəllibov istefa verəndən sonra isə  ölkədə daha ciddi hakimiyyət boşluğu yarandı və şərtlər istər-istəməz AXC-nin bu boşluğu doldurmasının diqtə edirdi. Çünki siyasi səhnədə mütəşəkkil siyasi qüvvə kimi yalnız AXC qalmışdı. Ölkənin taleyinə məsuliyyət daşıyan təşkilat olaraq AXC bundan qaça bilməzdi və seçkilərə getməyə məcbur oldu. Baxmayaraq ki, AXC  Mütəllibovun istefasından sonra ölkəni vəziyyətdən çıxarmaq üçün Milli Etimad Hökumətinin yaranması təklifini irəli sürsə də hakimiyyətdə olanlar bunu qəbul etmədi.
–    Bəs Etibar Məmmədov necə?

–  ARDI VAR…

COP29

www.yenicag.az

983
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv