Əlcəzairin yeni prezidenti müəyyənləşdi
Əlcəzairdə prezident seçkiləri keçirilib. Seçkinin favoriti fəaliyyətdə olan dövlət başçısı, 77 yaşlı Əbdüləziz Buteflikadır.
O, dördüncü dəfə prezident seçilmək iddiasındadır. Lakin Əlcəzairdəki bir çox müşahidəçilər hesab edirlər ki, səhhəti ona ölkəni effektli idarə etməyə imkan verməyəcək. Dövlət başçısı ötən il mikroinsult keçirib.
Əbdüləziz Buteflika səs vermək üçün seçki məntəqəsinə əlil arabası ilə gəlib.
Əlcəzair Daxili İşlər Nazirliyinin məlumatına görə, seçkidə qeydiyyata alınmış 23 milyon seçicinin yarıdan çoxu iştirak edib. Səsvermənin nəticəsinin bu gün günorta elan ediləcəyi gözlənilir.
Fəaliyyətdə olan prezidentin əsas rəqibi, sabiq baş nazir Əli Benflis bəyan edib ki, seçkilər kütləvi qanun pozuntuları ilə müşayiət olunub. O, seçkilərin nəticələrini tanımayacağını və saxtakarlıqlarla bağlı sübutlara malik olduğunu bildirib.
Əli Benflis hələ seçkiqabağı kampaniya dövründə demişdi ki, seçkilər fəaliyyətdə olan prezidentin xeyirinə saxtalaşdırılacaq. O, xalqın iradəsinin oğurlanmasına imkan verməcəyini və əhalini etirazlara çağıracağını bəyaen etmişdi.
Fəaliyyətdə olan prezident Əbdüləziz Buteflikanın tərəfdarları seçkinin ilkin nəticələri açıqlanmadan qələbəni bayram etməyə başlayıblar.
Seçkidə qədəbə üçün seçicilərin mütləq çoxunun səsini qazanmaq lazımdır. Əks halda, ikinci tur təyin ediləcək(apa).