“Azərbaycandakı bəzi adamları terrorçu Dəmirdaşı cəmiyyətə “örnək demokrat” kimi sırımağa çalışırlar”.
Bu fikirləri Azərbaycandakı bəzi siyasətçi və ekspertlərin terrorçu PKK-nın siyasi qanadı HDP-nin həbsdə olan lideri Səlahəddin Dəmirdaşa yönəlik mədhiyyələrlə çıxış etmələrinin arxasındakı səbəblərdən danışan siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, terroru açıq formada dəstəklədiyi üçün Türkiyə qanunvericiliyinin tələbləri əsasında cəzalandırılan Dəmirdaşın bu sayaq öyülməsi vətənə arxa çevirməkdir:
“Əlbəttə, bu, çox təəssüfləndirici bir haldır. Ona görə ki, bu fikirlər milli xətdə olduğunu düşündüyümüz şəxslər tərəfindən ifadə olunmuşdu. Düzdür, onlar son illərdəki fəaliyyətləri ilə milli xətdən uzaqlaşdıqlarını nümayiş etdirmişdilər. Amma bizdə müəyyən ümid vardı ki, həmin adamlar barışmaz müxalif mövqedə dayansalar da, bəlkə milli damarları yerində olar. Onların məlum paylaşımlarını gördükdən sonra birmənalı qərar verdik ki, bu şəxslər sözün tam mənasında milli xətdən uzaqlaşaraq, Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərməkdədirlər.
Söhbət ondan gedir ki, Dəmirdaş dediyimiz adam Türkiyədə partiya sədri idi və terrorçuları dəstəklədiyinə, onlarla işbirliyində olduğuna görə hazırda həbsxanadadır. Yəni Dəmirdaş bu cəzanı siyasi fəaliyyətinə deyil, məhz terrorçuları dəstəklədiyi, onlarla bir sırada olduğu üçün çəkir. Üstəlik, onun terrorçularla bir sırada olduğunu isbatlayan, təsdiqləyən çox sayda sübutlar var. İddiaların əksinə olaraq, Türkiyə dövləti Dəmirdaşa qarşı repressiyaya yol verməyib. Lakin Azərbaycandakı bəzi adamları bu Dəmirdaşı cəmiyyətə “örnək demokrat” kimi sırımağa çalışırlar.
Təbii, onlar Azərbaycan hakimiyyətinə qarşı müxalifətdə ola bilərlər, Türkiyə iqtidarını da tənqid edə bilərlər – bunu normal qarşılamaq olar. Ancaq müxalifətçilik etmək üçün terrorçularla bir sırada addımlayan adamın arxasında gizlənməyin başqa adı yoxdur – bu, vətənə arxa çevirməkdir. Həmin şəxslərin o kampaniyanı sinxron şəkildə aparmaları bundan xəbər verir ki, onlar düyməyə basıldıqdan sonra aldıqları komanda üzrə hərəkətə keçiblər. Ola bilməz ki, Dəmirdaş gündəmdə olmaya-olmaya, durub onunla bağlı belə açıqlama versinlər. Ümid edirəm ki, özəlliklə Əbülfəz Elçibəyin siyasi mirasının üzərinə qonmuş təşkilatın təmsilçilərinin bu addımlarından sonra hər kəs kimin kim olduğunu özü üçün aydınlaşdıracaq”.
A.Zeynalov
www.yenicag.az