“Hazırda Ermənistanda təhlükəsizlik problemlərinin idarə edilməsi, bu sahədə ciddi bir mexanizmin olması haqqında söhbət gedə bilməz”.
Yenicag.az-ın “MediaPost”a istinadən verdiyi məlumata görə, bunu erməni hərbi ekspert David Cəmalyan Ermənistanda fəaliyyət göstərən media-kanalların birinə açıqlamasında deyib.
Ümumiyyətlə, indiyədək öz “məğlubedilməzliyi” haqqında əfsanənin kölgəsində yaşayan Ermənistan hökumətinin xüsusilə də, təhlükəsizlik sahəsində atdığı son addımlar maraqlı görünür. Məntiqsiz, plansız, qısa vaxt ərzində dəyişikliyə məruz qalan, izah oluna bilməyən və ən əsası, ölkə daxilində və xaricində baş nazir Nikol Paşinyanın və onun komandasının tənqid edilməsinə səbəb olan addımlar Ermənistanın təhlükəsizlik sistemində dərin böhranın olmasının əlamətidir. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var.
Lakin bugünkü mövzumuz böhran vəziyyətinə səbəb olan proseslər yox, hazırda Ermənistanın siyasi elitasının atdığı addımlardır.
Belə ki, iyul ayından etibarən, Ermənistanın informasiya gündəmindən düşməyən mövzu Azərbaycan-Türkiyə müttəfiqliyidir. Hələ Tovuz döyüşlərinin gedişi zamanı və döyüşlərin bitməsindən sonra iki qardaş ölkə arasında illərdir davam edən münasibətlər gözə çarpacaq dərəcədə intensivləşib. Xüsusilə də, hərbi sahədə.
Bəli, qardaş Türkiyə ilə münasibətlərimiz daima isti, sıx və səmimi olub, lakin son hadisələr bu münasibətlərin daha da genişləndirilməsi, inkişafı və dərinləşdirilməsi ilə nəticələndi.
Təbii ki, bu amil üzdəniraq qonşularımızın ürəyincə olmayan, qorxulu bir yuxusuna çevrilib. Bu da gündəmə Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bilavasitə silahlı iştirakı barəsində müxtəlif növ spekulyasiyalara yol açıb. Hər iki dövlət başçısının – Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin çıxışları bütün dünyaya birmənalı şəkildə bildirdi ki, ölkələrimiz bir-birinə maksimum dərəcədə dəstək göstərməyə hazırdır.
Öz gücsüzlüyünü dərk edən Ermənistan ənənəvi olaraq, digər üçüncü ölkələrdə özünə havadarlar axtarışına başlayıb. Ermənistan hakimiyyəti “Türkiyənin Naxçıvanda hərbi baza yaratması” mövzusunu ortalığa ataraq, bunun nəinki Ermənistanın, hətta Rusiyanın təhlükəsizliyinə zidd olduğunu bəyan edib.
Erməni ekspertlər “Naxçıvan amili”nin həm Ermənistanın özünə, həm də Dağlıq Qarabağ məsələsinə təsir göstərəcək güclü amil olmasını gizlətmirlər. Lakin burada da öz alçaq niyyətlərini gizlətmədən, “Naxçıvan hazırda Azərbaycandan çox Türkiyə tərəfindən idarə olunur” deyən ermənilər iki ölkə arasında olan əlaqələrə zərbə vurmaq niyyətindədirlər. Onların sözlərinə görə, hazırda Azərbaycan və Türkiyə rəsmiləri Naxçıvan ərazisində türk hərbçilərin olmasının hüquqi əsasının yaradılması istiqamətində işlər görürlər.
Maraqlısı odur ki, yaxşı günlərində Rusiyanı təcavüzkar adlandıran ermənilər dara düşən kimi həmin “strateji müttəfiq” Rusiyaya arxalanmaq istəyirlər. Müsbət hal odur ki, hər zaman ermənilərin havadarı olan rəsmi Kreml də onların ikiüzlülüyündən bezərək artıq Cənubi Qafqaz regionunda baş verən hərbi-siyasi proseslərə yanaşmasını getdikcə dəyişir.
Erməni ekspertlərin ümumi rəyinə görə, Ermənistan-Rusiya əlaqələrini minimuma endirən günahkar məhz baş nazir Nikol Paşinyan və onun “Soros” siyasətidir. Onların dediyinə görə, hakimiyyətdə olan Paşinyan iki il ərzində bu əlaqələrin məhv edilməsi üçün əlindən gələni edib. Buna səbəb onu hakimiyyətə gətirən “sorosçular”ın məcbur etməsidir.
Ekspertlərin dediyinə görə, bütün baş verənlərin arxasında Sorosun tələbləri və məqsədləri dayanır. Eyni zamanda, ekspertlər Ermənistan silahlı qüvvələrinin Nikol Paşinyana tam olaraq tabe olmadığını da bildirirlər. Onların sözlərinə görə, ordunun ölkə rəhbərinə tabe olmaması amili Ermənistanın özünü müdafiə qabiliyyətinin tamamilə əldən getməsindən qoruyur.
Bu arada, ermənilərin zəhləsi getdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məsələsi də yenidən gündəmə qayıdıb. Belə ki, müdafiəsi tamamilə Rusiya tərəfindən təmin olunan Ermənistan KTMT-yə üzvlüyünü “strateji” adlandıraraq, məhz özlərinin Rusiya üçün əhəmiyyətli olduqlarını gündəmə gətirirlər. Görünür, Rusiyanın təhlükəsizliyinin Ermənistandan asılı olmasını bəyan edən erməni siyasətçilər həqiqətən də, reallıqdan həddindən artıq uzaqdırlar. Rəsmi Moskvanın atdığı addımları “Rusiyanın Ermənistandan nə dərəcədə asılı olduğunu dərk edərək atılan addımlar” kimi təqdim edən ermənilər həqiqətən də, paralel reallıqda yaşayırlar.
Ermənistanın informasiya gündəmini təşkil edən digər mövzu isə ölkələrində son vaxtlar müzakirə olunan yığma qoşunun təşkili məsələsidir. Bu mövzuya dair açıqlamalarda qoşunun yaradılmasına vahid yanaşmanın olmaması, atılan addımın düşünülməmiş şəkildə həyata keçirilməsi, yaradılacaq qoşunun təşkili mexanizmlərinin olmaması haqqında fikirlər üstünlük təşkil edir. Erməni ekspertlərin dediyinə görə, bu, daha çox Paşinyanın özünü PR etməsi naminə atılmış addımdır.
Təhlükəsizlik sistemində yeni ideyaların, təşəbbüslərin və təkliflərin olmadığını deyən ekspertlər bunun səbəbini hazırda hakimiyyətdə olan Paşinyanın və onun öz ətrafında yığdığı şəxslərin “kiminsə məsləhətinə ehtiyacı olmaması” ilə izah edirlər. “Hazırkı hakimiyyət erməni cəmiyyəti ilə ünsiyyətdə olmayıb, cəmiyyətin ehtiyaclarına əhəmiyyət vermir və verməyəcək də” – ekspertlər deyir.
Görünür, Paşinyan Ermənistanın təhlükəsizlik sistemini yalnız öz hakimiyyətini saxlamaq, siyasi opponentlərinə qarşı repressiyalar həyata keçirmək və ucuz dividentlər əldə etmək üçün, yəni öz ehtiyacları üçün istifadə edir.
Bizdən isə həmişəki kimi məsləhət: gözünüzü Azərbaycanın, Türkiyənin, Gürcüstanın torpaqlarına dikməzdən əvvəl, türkiyəli qardaşlarımız demişkən, “kəndinizə dönün”.
www.yenicag.az