“Təxribatların arxasında daha çox Qərbin dayandığı özünü göstərir”.
Bunu Ermənistan-Azərbaycan sərhədində baş verən təxribat haqqında fikirlərini səsləndirən politoloq Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, baş verən proseslərdə Rusiya faktorunun olması ilə bağlı ehtimallar ehtimal olaraq qalır, təxribat daha çox Ermənistanın planına oxşayır:
“Azərbaycanla Rusiya arasında qarşılıqlı razılaşma var. Bu razılaşmaya əsasən, Laçın dəhlizi vasitəsi ilə Qarabağda yaşayan ermənilərin gediş-gəlişi normal şəkildə tənzimlənir. Rusiya sülhməramlıları bu prosesdə vasitəçi olaraq Qarabağ ermənilərinə humanitar yardımların daşınmasında iştirak edir. Təbii ki, bu proseslər Azərbaycan nəzarəti altında baş verir.
Ermənistanda gedən söz-söhbətlərə diqqət etsək, Laçın yolundan daşınmalara min cür don geyindirməyə çalışdıqlarını görərik. Rusiya kontingentinin daşımaları hansısa ödəniş qarşısında həyata keçirdiklərini bildirirlər. Əgər həqiqətən belədirsə, Ermənistan buna çox tab gətirə bilməyəcək. Bu səbəbdən Laçın yolunda hərbi təxribatlara əl ataraq dünyanın diqqətini cəlb etməyə çalışırlar.
Belə ki, təxribat daha çox Ermənistanın planına oxşayır, arxasında isə daha çox Qərbin dayandığı özünü göstərir”.
Nəsimi Ələsgər
www.yenicag.az