Bu gün ermənilərin 1915-ci il hadisələriylə bağlı yalanlarını ifşa edən “Rus və Erməni Mənbələri İşığında Erməni Problemi və Meydana Çıxma Prosesi 1678-1914” adlı iki cildlik əsərin təqdimat mərasimi keçirilib.
Yenicag.Az xəbər verir ki, “Turkish Petroleum Overseas Company Ltd.” (TPAO) şirkətinin maliyyə dəstəyi ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Erdoğanın müşaviri Professor Dr. Seyit Sertçeliyin müəəlifi olduğu kitab Azərbaycan dilinə tərcümə edilib. Təqdimat mərasimində Milli Məclisin deputatları, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi nümayəndələr də iştirak edib.
Kitab haqqında təəssüratlarını danışan səfir kitabın Türkiyə və Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını qeyd edib:
“Bundan bir neçə gün əvvəl Türkiyə Petrolları şirkətinin nümayəndəsi Saliha Dündar Seyit Sertçeliyin kitabının Azərbaycanda təqdim olunacağını söylədi. Seyit bəylə biz prezident aparatında çalışdığımız vaxtlardan tanışıq. Mənim o günlərdən yadımda qalan budur ki, o bütün günü öz işində çalışan, savadlı bir insan idi. Bu kitab bizə keçmişi aydın şəkildə təsvir edən çox əhəmiyyətli bir əsərdir. Onun digər bir əhəmiyyəti isə ondan ibarətdir ki, bu kitab birbaşa Rusiya arxivlərinə əsasən hazırlanıb. Hər zaman belə bir fikir səsləndirilir ki, erməni problemi XVIII əsrin sonu XIX əsrin əvvəllərində ortaya çıxıb, lakin Seyit bəy kitabında bu məsələnin köklərinin əslində lap qədimlərə gedib çıxdığını sübutlarla, sənədlərlə göstərmişdir. Biz erməni məsələsini Türkiyə və Azərbaycan olaraq çox dərindən öyrənməliyik, çünki tarix ondan dərs alındığı müddətcə təkrarlanmaz. Məsələnin kökünə enmək, haradan başlayıb haradan gəldiyinə diqqət yetirmək lazımdır. Seyit bəyin elmi sübutlarla ərsəyə gətirdiyi bu əsər əminəm ki, bizim mübarizəmizdə böyük bir rol oynayacaq. Bizdə bir söz var: “Həqiqət dünyaya hakim olana qədər yalan dünyanı yeddi dəfə gəzib dolaşar”. Biz dünya ictimaiyyəti qarşısında bu yalanlarla mübarizə aparmalı, həqiqətləri sübuta yetirməliyik. Seyit bəyin əsəri bu mənada bizə böyük imkanlar yaradacaq. Biz ortaq düşmənə qarşı mübarizə aparmaq üçün hər zaman hazır olmalıyıq. Çünki birlikdən qüvvət doğar. Kitabın azərbaycan dilinə tərcümə olunmasında Türkiyə Petrolları şirkətinin Bakı nümayəndəliyinin, xüsusilə Saliha Dündar xanımın böyük xidmətləri olmuşdur.”
Türkiyə-Azərbaycan Dostluq qrupunun sədri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, millətvəkili Əhliman Əmiraslanov, informasiya müharibəsində daha aktiv olmağın vacibliyindən söz açdı:
“Ermənilər bu sahədə bizdən daha çox çalışaraq, beynəlxalq miqyasda bu hadisələri öz istədikləri kimi qələmə veriblər. Müstəqillik əldə edildikdən sonra Azərbaycanda da, Türkiyədə də bu sahədə çox böyük işlər görülüb. Hələ 1987-88-ci illərdə artıq ermənilər bu cür fəaliyyətlə məşğul idilər. Mən inanıram ki, Seyit bəyin kitabı bu sahədə bizə çox kömək olacaq.”
Kitaba önsöz yazan akademik Nizami Cəfərov sözə Mirzə Cəlilin “Usta Zeynal” hekayəsindən kiçik bir parça ilə başladı, daha sonra isə mübarizənin ideoloji təməlinin daha əvvəllərə dayandığını qeyd etdi:
“Ermənilər hər zaman xatirələrlə və ya mətbuatdan kiçik parçalarla danışırlar. Biz isə həmişə onların qarşısına sənədlər və sübutlar qoyuruq. Ən mötəbər mənbələrdən biri də məhz Rusiya siyasi, hərbi, tarixi arxivləridir ki, Seyit bəy birbaşa bu mənbələrlə çalışıb və lazimi materialları toplayıb.”
Kitaba önsöz yazan digər bir millətvəkili Musa Qasımlı da kitabın daha böyük auditoriyaya təqdim olunmasının lazım gəldiyini bildirdi:
“Kitab elmi baxımdan böyük incəliklə hazırlanmışdır. Ən əsası isə bu kitabda hər hansı bir xalqa aqresiya duyulmur. Əsərdə yalnız tarixi həqiqətlər əks olunub.”
Təqdimatın sonunda iştirakçılara kitablar verildi və imza mərasimi keçirildi.