“Hazırda Ermənistan sakinlərinin Azərbaycan ərazisini tərk etməsi onların könüllü və fərdi qərarıdır. Bunun məcburi yerdəyişmə və ya Azərbaycanın onların tərk etmək istəyi ilə heç bir əlaqəsi yoxdur. Onların həqiqətən seçimi var. Xüsusilə vurğulamaq lazımdır ki, biz onları çoxmillətli Azərbaycanın tərkibində qalmağa və bir hissəsi olmağa çağırdıq. Baxın, Azərbaycan hakimiyyəti son bir neçə gündə nə edir – hər cür humanitar yardım, zəruri mallar, dərmanlar çatdırır, yanğınsöndürən maşınlar göndərir, biz artıq gecə-gündüz elektrik təchizatı qurmuşuq”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində deyib.
“Azərbaycanı tərk edən ermənilər geri qayıda biləcəklər. Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda baş verdiyi iddia edilən qondarma “etnik təmizləmə” ilə bağlı bəyanatını qətiyyətlə pisləyir və rədd edirik. O, təkcə sentyabrın 21-də Azərbaycan hakimiyyəti tərəfindən yerli ermənilərə heç bir təhlükə olmadığını deyən öz bəyanatlarından geri çəkilmir, həm də onun dedikləri Azərbaycanın yerli ermənilərə humanitar yardım çatdırmaq səylərini və reinteqrasiya prosesini pozmağa yönəlib. Bu, həm də Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün perspektivlərini sarsıdır”, – deyə Elçin Əmirbəyov bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Sentyabrın 28-də isə Qarabağdakı separatçılar özlərini buraxdıqlarını elan ediblər./Azertag/
www.yenicag.az