Xarici ekspertlər işğalçı Ermənistanı Azərbaycan qarşısında hərbi məğlubiyyəti qəbul etməyə çağırırlar.
Yenicag.az xəbər verir ki, tanınmış ukraynalı hərbi ekspert Yuri Podolyaka yaranmış vəziyyətdə Ermənistan rəhbərliyinin təslim aktına qol çəkməkdən başqa yolunun qalmadığını bildirib.
Özünün “YouTube” kanalında Qarabağ cəbhəsində gedən döyüşlərin gündəlik analizini verən Podolyaka bugünkü verilişində Ermənistan ordusunun tamamilə əzildiyini bildirib:
“Dünənki döyüşlər və Zəngilan şəhərinin azad edilməsi artıq belə söyləməyə tam əsas verir ki, Ermənistan rəhbərliyi ya təslim aktına qol çəkməli, ya da öz qoşunlarının qalığını səssizcə Azərbaycandan çıxarmalıdır. Əks halda, şəxsi heyətdən demək olar ki, heç nə qalmayacaq.
Mən dünənki döyüşləri əks etdirən videomateriallara əsaslanaraq deyə bilərəm ki, Ermənistan ordusu tək həmin kadrlara görə bir neçə yüz əsgərini itirib. O əsgərlərin açıq-aşkar “ətçəkən maşın”a göndərilməsinin məsuliyyəti isə erməni generallarının vicdanına yazılmalıdır.
Görünən budur ki, Azərbaycan Ordusu dəqiq hazırlanmış plan əsasında hücumlarını davam etdirəcək və artıq bu gün Qubadlı şəhərinin də azad edilməsi haqda məlumat verilə bilər.
Ermənistan artıq öz məğlubiyyətini etiraf etməlidir ki, o, bu müharibəni uduzub”.
www.yenicag.az