Ermənistanda rezonans yaradan QƏTL – Paşinyan bu dəfə DİN-i HƏDƏFƏ ALDI
Ermənistanın Parakar icma rəhbərinin qətlə yetirilməsindən cəmi bir neçə saat sonra Ermənistanın Baş naziri Nikol Paşinyan hadisəyə münasibət bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, Baş nazir paylaşımında qeyd edib ki, baş verənlər ətraflı təhlil edilməli, zorakılıqların qarşısını almaq üçün hansı preventiv addımların atılması lazım olduğu, bunu kimlərin etməli olduğu və niyə etmədikləri müəyyənləşdirilməlidir. Lakin Paşinyanın açıqlamasına baxmayaraq, dünən iş gününün sonuna qədər Ermənistan Daxili İşlər Nazirliyində bu məsələ ilə bağlı müşavirə keçirilməyib. Gözlənilirdi ki, Baş nazirin mövqeyindən sonra mütləq müzakirə aparılacaq, hadisəyə görə vəzifələrini icra etməyən şəxslərin adı açıqlanacaq.
Məlumata görə, polis idarəsinin Vaqarşapat şöbəsinin rəisi Paylak Şmavonyan təxminən 20 gün əvvəl vəzifəyə təyin edilib. Sistem daxilində hesab edilir ki, qətlin məsuliyyəti onun üzərinə qoyulmamalıdır. Bununla belə, hakim komanda düşünür ki, bir sıra yüksək vəzifəli polis rəhbərləri, hətta ehtiyac yaranarsa, daxili işlər naziri vəzifədən azad olunmalıdır. Çünki Eçmiədzin bölgəsi daim problemli sayılıb – həm klanlararası qarşıdurmalar, həm də qanunsuz silah dövriyyəsi baxımından.
Digər tərəfdən, bəzi dairələr hesab edir ki, Paşinyanın əsas məqsədi icma rəhbərinin qətlinin qısa müddətdə açılmasıdır. Çünki bu, adi bir cinayət deyil. Volodya Qriqoryanın peşəkar “killer” tərəfindən öldürüldüyü, qətlin isə əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirildiyi vurğulanır. Qriqoryanın kimlərə mane olduğu barədə isə əlavə izaha ehtiyac olmadığı bildirilir.
Rafi Müslümov