Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,4% bahalaşıb.
Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, bu ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,0%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5% ucuzlaşıb, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb.
Ay ərzində unun, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, günəbaxan və qarğıdalı yağlarının, pasterizə olunmamış üzlü südün, çay və qəhvənin, mineral sular və bulaq suyunun, şəkər və şəkər tozunun, kartofun, şirin bibərin, pomidorun, xiyarın, çiyələyin, əriyin, alçanın, gilasın, tütün məmulatlarının qiymətlərində ucuzlaşma, kərə və zeytun yağlarının, kolbasa məmulatlarının, yumurtanın, almanın, limonun, soğanın, çuğundurun, göyərtinin qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyun ayında may ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının, fərdi və planşet tipli kompüterlərin qiymətlərində bahalaşma, kitabların, telefon aparatlarının, soyuducu və paltaryuyan maşınların, kondisionerlərin, ventilyatorların, şirəsıxanların, elektrik çaydanlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyun ayında əvvəlki aya nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, ev və məişət xidmətlərinin, məişət cihazları, zinət əşyaları və saatların təmiri, respublikadan kənara istirahət turlarının qiymətlərində bahalaşma, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri xidmətlərinin, kafelər tərəfindən yeməklə təmin edilmə xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
www.yenicag.az