“Əsas utanc yerimiz torpaqlarımızın işğalda qalmasıdır…”
Müsavat Partiyası Divanının üzvü, sabiq millət vəkili İkram İsrafil açıqlamasında cəbhə xəttindəki vəziyyəti şərh edib:
“Əlbəttə, cəbhə xəttində atəşkəsin ermənilər tərəfindən ciddi şəkildə pozulmasıyla başlayan bu çatışmada şəhidlərimiz var. Millətimizin başı sağ olsun. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Hesab edirəm ki, ermənilərin bu həmlələri Rusiyanın ölkəmizə qarşı oynamaq istədiyi növbəti oyunun tərkib hissəsi və başlanğıcıdır. Heç kəsə sirr deyil ki, torpaqlarımız Rusiyanın bilavasitə yardımı və dəstəyi ilə işğal olunub. Və əminliklə deyə bilərəm ki, bizim ordumuz, insanlarımız Rusiyanın müdaxiləsi olmazsa qısa zamanda torpaqlarımızı işğaldan azad etmək həvəsində, gücündə və iqtidarındadır. Bu son hadisələrdə insanlarımızın göstərdiyi mövqe bunu deməyə əsas verir. Hesab etmirəm ki, hakimiyyət bu məsələdə saxta vətənpərvərlik etsin. Bütün hallarda əsas dərdimiz və utanc yerimiz olan torpaqlarımızın bir az öncə geri almağımız üçün milli birlik nümayiş etdirə bilməyimiz qürurvericidir. Vətən, dövlət sevgisini ürəklərində daşıyan millətimlə qürur duyuram. Hər an “İstiqlal” silahımla vətənimə xidmətə hazıram”.