Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.
Bu barədə Yenicag.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Səfər çərçivəsində əlahiddə sərhəd diviziyasının struktur qurumlarının xidməti-döyüş fəaliyyəti yoxlanılıb, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirilib.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi, hüquqi maarifləndirmənin gücləndirilməsi istiqamətində zəruri tapşırıqlar verilib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin əsgəri Babək Vəli oğlu Aslanov Qazax istiqamətində şəhid olub və ötən gün doğulduğu Xaçmaz rayonunun Mollabürhan kəndində dəfn olunub.
www.yenicag.az