“Ölkədə qiymətlər kəskin artır, inflyasiya sürətlənir və bu fonda fermerlərin, ət istehsalçılarının gündəlik xərcləri artır”.
Yenicag.az xəbər verir ki, bunu mal və qoyun ətinin qiymətinin bahalaşmasına münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.
İqtisadçıya görə, ətin bahalaşmasına təsir edən bir neçə amillər var:
“Bunlardan biri plansız pambıq sevdasının örüş yerlərini və yem bazasını azaltmasıdır. İlin əvvəlində dizelin qiymətinin 34 faiz artırması da aqrar sektorda dalğavari qiymət artımına start verib. Eyni zamanda yem qiymətləri 40-50 faiz civarında bahalaşıb və buna görə də fermer qiymət artırmağa məcburdur. Ümumiyyətlə, ölkədə qiymətlər kəskin artır, inflyasiya sürətlənir. Bu fonda fermerlərin, ət istehsalçılarının gündəlik xərcləri artır və onlar da qiyməti qaldırmalıdır ki, öz gündəlik xərclərini ödəsinlər. Əslində toyların bərpası, bayramlar təlabatı artırmağa başladı ki, bu da qiymətin bahalaşmasına təsir edən səbəblərdən biri oldu. Reallıq budur ki, mövcud iqtisadi və idarəetmə modeli ilə qiymətlər daim artacaq. Yeni sistemə keçid baş verməsə, bunun qarşısını almaq mümkünsüz olacaq”.
Qeyd edək ki, yanvar ayının ilk ongünlüyündən mal ətinin bir kiloqramı 13-14 manata satılır. Əvvəllər isə mal ətinin bir kiloqramı 10,5-11 manata satılıb. Bir kiloqramı 14 manata satılan quzu ətinin isə qiyməti hazırda 16-17 manat arası dəyişir.
Gülşən Şərif
www.yenicag.az