Əvvəllər demək olar ki, evini müqavilə ilə kirayə verənlər yox idi. Ancaq son zamanlar bəzi turistlərin evlərə maddi ziyan vuraraq getməsindən sonra ev sahibləir mənzillərini müqavilə ilə verməyə başlayıblar. Yeni illə bağlı kirayə qiymətlərində də artım var.
Yenicag.az xəbər verir ki, son vaxtlar turist axının çoxalması nəticəsində onlara ev kirayə verilən zaman bir sıra problemlər ortaya çıxıb. Belə ki, müqaviləsiz verilən evləri yararsız hala salan bəzi turistlərə qarşı hansısa hüquqi tədbir görmək mümkün olmayıb. Bu hadisələrdən sonra eyni problemlə üzləşmək istəməyən mənzil sahibləri artıq evlərini notariusda təsdiq edilmiş müqavilə ilə kirayə verməyə başlayıblar.
Əmlak eksperti Nofəl Quliyev yeni il qabağı kirayə qiymətlərindən də danışıb. O, bildirir ki, adətən bayram qabağı kirayə bazarında qiymətlərdə canlanma baş verir.
Əmlak eksperti onu da qeyd edir ki, paytaxtın mərkəzi yerlərində yaşayan və kirayə qiymətlərinin bahalaşdığını görən sakinlər evlərini kirayə verib özləri şəhər kənarında yaşamağa üstünlük verirlər. Turist axınının çoxalması paytaxtda xüsusilə günlük və ya həftəlik evlərə olan təlabatın artmasına da səbəb olub. Buna görə də ev sahiblər artıq aylıq deyil, həftəlik qazanc əldə etməyə üstünlük verirlər./Xəzərxəbər/