Fazil Məmmədovun vergilər naziri postundan uzaqlaşdırılmasından sonra barəsində mətbuatda onlarla xəbər yayılıb:
gah Məmmədovun hansısa villası görüntülənib, gah da vəzifəyə yerləşdirdiyi qohumları “işdən çıxarılıb”.
Bütün bunlara baxmayaraq, keçmiş nazir qeybə çəkilib. Nə özünü, nə də üzünü “gördüm” deyən yoxdur.
Bir tək Azərbaycan Güləş Federasiyasının yeni təyin edilən birinci vitse-prezidenti Firdovsi Umudovdan başqa.
Məşqçilikdən kresloya qədər yüksələn Umudov iddia edir ki, sabiq nazir, hər gün prezidenti olduğu Azərbaycan Güləş Federasiyasına baş çəkir, məşqçilərə və güləşçilərə öz tövsiyələrini verir, onların qarşısında yeni vəzifələr qoyur və s.
Vallah, ya Umudov yuxu görür, ya da Fazil Məmmədovun imzası ilə vəzifəyə təyin edildiyi üçün keçmiş naziri görməzdən gələ bilmir. Belə çıxır ki, vitse-prezident boşluğa, hətta yerə-göyə baxanda da Fazil Məmmədovu görür. Qəribim nə etsin axı? Ona bu vəzifəni elə-belə verməyiblər ki…
Bizdə olan məlumat isə Firdovsi Umudovun dediklərini təkzib edir. Aydın məsələdir ki, nazirlər rəhbəri olduqları federasiyalara idmana olan sevgilərindən deyil, dövlətin bu sahəyə qayğısından maliyyə ayırırlar. Belə durumda isə maraqlı sual yaranır: görəsən, işdən çıxarılan Fazil Məmmədov Güləş Federasiyasını maliyyələşdirmək üçün vəsaiti hardan alacaq?
Sizcə, Məmmədov nazir olduğu vaxtda “dar gün” üçün yığdığı pulu idmançılara verəcək? İnandırıcı deyil axı. Buna görə də Firdovsi Umudovun açıqlamasında “O, federasiya rəhbəri kimi fəal işləyir, güləşçilərin Tokioda keçiriləcək 2020-ci il Olimpiadasına yaxşı hazırlaşması üçün əlindən gələni edir” deməsinə lap bişmiş toyuğun da gülməyi gəlir.
Çünki sonuncu dəfə Fazil Məmmədovun ayağı federasiyaya Rio Olimpiadasından sonra idmançılarla keçirilən görüş zamanı dəyib. Bunu bir müddət əvvəl saytımıza müsahibəsində federasiyanın digər vitse-prezidenti Elçin Cəfərov da təsdiqləmişdi. Həmin tarixdən sonra sabiq nazirin üzünü görən cənnətlikdir.
Yox, əgər Firdovsi Umudov həqiqətən də Məmmədovu hər səhər işə gələrkən görürsə, bu, doğrudan da yuxu deyilsə, onda heç olmasa Fazil müəllimə bir-iki sual verməyimizə şərait yaratsın. Bir daha təkrar edirəm, əgər Firdovsi Umudov yuxu görmürsə…
Emin Səfərov
www.yenicag.az