Firmalardan qiymətlərlə bağlı gözlənilməz açıqlama
ABŞ dollarının sürətlə bahalaşmasının bəzi mal və məhsullara təsir edəcəyi ilə bağlı informasiyalar yayılır.
Qiymət artımı ilə bağlı marketlərdə apardığımız monitorinqlərdə satıcılar bildiriblər ki, müxtəlif distribütör şirkətlər tərəfindən qiymətlərin artımının gözlənildiyi barədə onlara şifahi göstərişlər verilir. Hətta bəzi firmalar marketlərdə olan depozit pullarına faiz də gələcəyini bəyan ediblər. AZADİNFORM bir neçə distribütör şirkətlərdən bu mövzu ilə bağlı münasibət öyrənib.
İlk olaraq “Azərsun Holdinq” ilə əlaqə saxladıq. Şirkətin direktor köməkçisi Taryel Quliyev bildirdi ki, qiymət artımı ilə bağlı şirkət olaraq heç bir marketə müraciət etməyiblər: “Digər şirkətləri deyə bilmərəm. Amma “Azərsun Holdinq” olaraq belə bir niyyətimiz də yoxdur”.
Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirdilər ki, heç bir süni qiymət artımından söhbət gedə bilməz: “Manatın məzənnəsinin artımı ilə bağlı qiymətlərdə baş verə biləcək hər hansı dəyişikliklər şirkətin kommersiya fəaliyyəti ilə bağlı olan cari proseslərdir. Hazırda isə heç bir qiymət artımı yoxdur. Veysəloğlu Şirkəti gündəlik iş fəaliyyətini davam etdirir və narahatçılığa da heç bir səbəb yoxdur”.
“Avrora” firmasından da bu məsələ ilə bağlı münasibət öyrəndik. Firmada çalışan Kolbasa üzrə satış meneceri Mehman Həsənov bildirdi ki, firma olaraq heç bir marketə qiymət artımı ilə bağlı göstəriş verməmişik: “Firmamıza aid malların satış qiymətini qaldırmaq kimi də fikrimiz yoxdur”.
“Atropatena” şirkətindən isə bildirdilər ki, İdarə Heyəti bu barədə heç bir qərar qəbul etməyib.
Mövzu ilə əlaqədar “Koroğlu” firması və dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısı olan Avromed Company MMC-dən isə sualımıza cavab verən olmadı.
Qeyd edək ki, hazırda paytaxt və bölgələrdə qiymət artımı müşahidə olunmur, İqtisadi İnkişaf Nazirliyi bu vəziyyətə ciddi nəzarət edir. Əksər ərzaq məhsulları Azərbaycanda istehsal olunduğu üçün onların qiymətinin qalxması mümkün deyil.
(aznews.az)