“Fransanın Ermənistanı Azərbaycan əleyhinə silahlandırmaq cəhdi Parisin Cənubi Qafqazda sülh istəmədəyini göstərir”.
Bu fikirləri Fransanın Ermənistanda hərbi baza qurmaq perspektivinin ciddiliyinə münasibət bildirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Rusiya faktoru olmasa belə, Fransanın Ermənistanda hərbi baza qurması gözlənilmir:
“Bildiyiniz kimi, Ermənistan parlament üsul-idarəsinə keçdiyi üçün orada prezidentin səlahiyyətləri çox məhduddur. O baxımdan, Ermənistan prezidenti Vaaqn Xaçaturyanın Fransa ilə hərbi əməkdaşlıq haqqında səsləndirdiyi fikirləri çox da ciddiyə almağa ehtiyac yoxdur. Ümumiyyətlə, son baş verənlərdən sonra baş nazir Nikol Paşinyan da daxil olmaqla, Ermənistanda müəyyən təsir imkanı olan fiqurların hamısı xalq qarşısında öz siyasi obrazını itirib. Bu səbəbdən, Sarkisyan, Xaçaturyan kimi adamlar siyasi qərarların verilməsində iştirak etmirlər. Digər tərəfdən, Xaçaturyanın Fransaya Ermənistanda hərbi baza qurmasını təklif etməsi Roma Statusunun ratifikasiyasından sonra İrəvanın Moskvaya qarşı “ikinci cəbhə” açması kimi də dəyərləndirilə bilər. Həm Xaçaturyanın sonuncu açıqlaması, həm baş verən hadisələrin fonu Ermənistanda vəziyyətin gələcəkdə daha da gərginləşəcəyini söyləməyə əsas yaradır. Bu gərginliyin nəticəsində Rusiya-Ermənistan münasibətləri daha da dalana dirənəcək. Fransanın altdan-altdan Ermənistana həm siyasi, həm də hərbi formada yardımlar etdiyini mütləq vurğulamaq lazımdır.
Ancaq bu gün Fransanın Ermənistanı Azərbaycan əleyhinə silahlandırmaq cəhdi Parisin Cənubi Qafqazda sülh istəmədəyini, daim Bakı üçün problem yaradacaq qüvvəni əlində saxlamağa çalışdığını göstərir. Bütün bu istəklər Cənubi Qafqazda təhlükəli geopolitik məqsədlərdən xəbər verir. Lakin Rusiya faktoru olmasa belə, Fransa Ermənistanda hərbi baza tikməyəcək”.
Nəsimi Ələsgərli
www.yenicag.az