Futbol üzrə Azərbaycan və Qırğızıstan milli komandaları arasında Bakı Olimpiya Stadionunda keçirilmiş yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçi matçla bağlı fikirlərini bölüşüblər.
Yenicag.az millimizin 3:0 hesabıyla qalib gəldiyi görüşlə bağlı açıqlamaları təqdim edir:
Qurban Qurbanov (Azərbaycan milli komandasının baş məşqçisi): “Futbolçularımız qələbəni çox istəyirdilər. Çünki bu, rəhbərliyim altında ilk qələbə olacaqdı. Birinci hissədə həyəcan hiss olunurdu. Ancaq ikinci hissədə uğurlu əvəzləmələr də öz sözünü dedi. Bu oyunda düşündüyümüz hər epizodla qarşılaşdıq. İkinci hissədə hücuma daha çox atılmağa başladılar. İlk hissədə rəqib daha çox müdafiə olunurdu. Bu qələbə bizə çox vacib idi. Ancaq deyə bilmərik ki, optimal formadayıq. Məşqdə çox etdiyimiz hücumları gördüm. Düzdür, ilk hissədə çox alınmadı. Futbolçuların düşüncələrindən çox razı qaldım. Bizim üçün hər bir oyun vacibdir, o cümlədən qələbə. Futbolçularımı təbrik edirəm”.
Aleksandr Krestinin (Qırğızıstan milli komandasının baş məşqçisi): “Gözəl stadionda oynadıq, yaxşı komandaya qarşı mübarizə apardıq. Bu matç bizim üçün böyük təcrübə oldu. Çünki komandamızın üzvlərində təcrübə çatışmır, futbolçularımız təzyiq altında oynaya bilmir. Buna görə, daha çox səfər oyunlarına üstünlük veririk. Komandamın oyunundan razı qalmadım. Rəqibin təzyiqlərinə tab gətirmədik. Oyundan əvvəl qələbəyə ümid edirdik, lakin alınmadı. Azərbaycan millisi daha təcrübəli futbolçulardan qurulub. Normal halda biz standart vəziyyətdən qol buraxmırıq. Bu gün isə Azərbaycan yığması iki belə epizodda bizə qol vurdu. Azərbaycan yığması yaxşı komandadı, gözəl oyun nümayiş etdirir. Belə davam etsə, komandanızın qrupda yaxşı yerlərdən birini tutacağını düşünürəm. Sizə Millətlər Liqasında uğurlar arzulayıram”.
www.yenicag.az