2013-cü ildə İsmayıllıda cüdo mərkəzi inşa edilsə də, hazırda milli komandanın üzvləri sözügedən kompleksin istifadəsindən məhrumdurlar.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, Cüdo Federasiyasının əvvəlki prezidenti Füzuli Ələkbərov mərkəzin qapılarını cüdoçuların üzünə bağlayıb.
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin bu addımından sonra cüdoçuların təlim-məşq toplanışı üçün digər məkanlar seçilir. Belə olan halda isə büdcədən əlavə vəsait xərclənir.
Bəs görəsən, Füzuli Ələkbərovun belə addım atmasının səbəbi nədir? Məgər sabiq nazir Cüdo mərkəzini şəxsi hesabına tikdirib ki, cüdoçuları da ora buraxmır?
Suala cavab tapmaq üçün Cüdo Federasiyasının baş katibi Elmar Babanlı ilə əlaqə saxladıq. O isə sualımıza cavab olaraq bunları dedi:
“Heç bir məhrumiyyət yoxdur. Sadəcə, İsmayıllıdakı cüdo mərkəzi federasiyanın əvvəlki rəhbərliyinə bağlıdır. Həmin mərkəz Cüdo Federasiyasının balansında olsaydı, biz oranı təhvil alardıq. Ora federasiyanın əvvəlki rəhbərliyinin ailə üzvlərindən birinin adına olan şəxsi mülkdür. Buna görə də biz gedib deyə bilmərik ki, şəxsi vəsaitin hesabına tikdiyini bizə ver. Bu hüquqi cəhətdən düz deyil. Federasiya rəhbərliyi dəyişəndə təhvil-təslim olmadı. Cüdo mərkəzinin İsmayıllıdan olan idmançıların ixtiyarına verilib-verilməməsinə də qarışa bilmərik. Kompleksin sahibi var. Amma milli komanda səviyyəsində İsmayıllıda təlim-məşq toplanışı keçirtmək zərurəti yaranarsa, rayonun Olimpiya Kompleksinə üz tutacağıq. Sonuncu dəfə milli üzvləri İsmayıllıdakı cüdo mərkəzində 2 il əvvəl təlim-məşq toplanışı keçib ki, bu da əvvəlki rəhbərliyin dövrünə təsadüf edir”.
Düzdür, Elmar Babanlı açıqlamasında ad çəkmir. Amma bu şəxsin Füzuli Ələkbərov olduğu da gün kimi aydındır. O da məlum məsələdir ki, sözügedən məkanın tikilməsi üçün azı 10 milyon manat lazımdır. Görəsən, sabiq nazir vəzifədə olduğu müddət ərzində milyonlar hesabına tikilən cüdo mərkəzini şəxsi mülkə çevirməyə özündə necə cürət tapıb? Onun hazırda nazir postunda olmaması bu sualın cavabı kimi də qəbul edilə bilər.
EMİN SƏFƏROV
www.yenicag.az