Gənclər Fondunun dəstəyi ilə Milli Qəhrəmanlar təbliğ olunur
“Milli Qəhrəmanlarımızı tanı” layihəsi çərçivəsində növbəti görüş Suraxanı rayonunda keçirilib.
Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Milli Qəhrəmanlarımızı tanı” layihəsi çərçivəsində növbəti görüş Suraxanı rayonunda baş tutub. Bu barədə məlumat verən layihə rəhbəri Sevinc Nəcəfovanın sözlərinə görə gənclərin Milli Qəhrəmanlarla görüşü Suraxanı rayon Gənclər Evində təşkil olunub.
İlk öncə layihə rəhbəri özü çıxış edərək öz layihəsi haqqında gəncləri məlumatlandırıb. O bildirib ki, layihənin məqsədi ermənilərin Azərbaycana olan ərazi iddialarının qarşısını almaq məqsədi ilə döyüşlərə atılaraq şərəfli döyüş yolu keçən və hazırda da həyatda olan və yenə də şərəflə xalqa, vətənə xidmət edən Milli Qəhrəmanlarımızın gənclərimizə tanıdılmasına xidmət edir.
S. Nəcəfova onu da vurğulayıb ki, layihə çərçivəsində hazırda həyatda olan qəhrəmanlarımızın keçdiyi döyüş yolu, eyni zamanda onların hazırki fəaliyyətləri ilə bağlı gəncləri məlumatlandırmaq layihənin əsas məqsədlərindəndir:
“Layihəmizin əsas ideyası dövlət siyasətimizin vacib tərkib hissələrindən biri olan gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması istiqamətindəki işlərdə bir qatqımızın olmasıdır. Əsas məqsədimiz I Qarabağ müharibəsində şərəflə iştirak edərək öz igidliyi ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı qazanan və hazırda da yaşayaraq fəaliyyət göstərən qəhrəmanlarımızı müasir gəncliyə tanıtdırmaqdan ibarətdir”.
Daha sonra S. Nəcəfova layihəni dəstəklədiyinə görə Prezident yanında Gənclər Fonduna öz təşəkkürlərini çatdırıb.
Bundan başqa tədbirdə tərəfdaş olaraq “SAF Həyat Naminə” Gənclər İB-nin sədri Səbinə Abbasova və “Yeni Həyat “ Humanitar və Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova, eyni zamanda YAP Suraxanı rayon Təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva və Suraxanı rayon gəncləri adından Nigar İbrahimova çıxış edərək gənclərə vətənpərvərliklə bağlı öz tövsiyyələrini veriblər.
Xatırladaq ki, tədbirdə Suraxanı rayonunun ictimaiyyət nümayəndələri, Gənclər və İdman İdarəsinin əməkdaşları, KİV və QHT təmsilçiləri, əsasən də 14-25 yaşları arasında olan Suraxanı rayonunda yaşayan gənclər iştirak ediblər.
Tədbirin gedişatında gənclərə layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb və Milli Qəhrəmanlarımızdan bəhs edən videorolik nümayiş olunub.