Azərbaycanın gənclər təşkiltları Azərbaycan Respubliksının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Birini Vitse-prezident Mehriban Əliyeva və Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədova Azərbaycan “Respublikasında gənclər siyasəti və gənclərlə iş” mexnizminin dəyişməsi ilə bağlı müraciət ünvanlayıb.
Yenicag.az həmin müraciəti təqdim edir.
Möhtərəm cənab Prezident!
Bildiyimiz kimi, Azərbaycan Respublikasında gənclər siyasəti və gənclərlə iş daim dövlətin, onun ali siyasi rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. Ümummilli Lider Heydər Əliyev ölkə rəhbəri olduğu dövrlərdə hər zaman gəncliyi müstəqil Azərbaycanın gələcəyi adlandırmış və sağlam düşüncəli yeni nəslin yetişdirilməsini mühüm dövləti vəzifə hesab etmişdir.
Ulu Öndər bizim tərəfimizdən də ideoloji proqram kimi qəbul edilən çoxsaylı çıxışlarında dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və elmi-mədəni həyatında gənclərin hərtərəfli və fəal iştirakının təmin edilməsini vacib məsələlərdən elan etmişdir. Bu məqsədlə 1994-cü il iyulun 26-da gənclər siyasəti sahəsində mərkəzi icra strukturu olan Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərmanın imzalanması, 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin I Forumunun keçirilməsi təşəbbüsü, 1997-ci ildən ölkədə gənclər gününün təsis olunması qərarı, 1999-cu ildə gənclər siyasətinin həyata keçirilməsi haqqında fərman və tədbirlər planının təsdiqi, gənclərin mühüm ictimai-siyasi proseslərə, dövlət və idarəetmə strukturlarına fəal cəlb olunması və eləcədə gənclər siyasətinin maddi-hüquqi bazasının formalaşdırılması sahəsində atılan digər mütərəqqi addımlar Ümummilli Liderimiz tərəfindən Azərbaycan gəncliyinə edilən tarixi ərmağanlardır.
Çox hörmətli cənab Prezident!
Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə də bu ardıcıl siyasət, tarixi missiya uğurla davam etdirildi. Sizin tərəfinizdən 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzalandı, 2007-ci il “Gənclər ili” elan edildi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, “2017-2021 illərdə” Dövlət Proqramları təsdiq edildi və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ı qəbul edildi. Ən mühüm məsələlərdən biri də 19 dekabr 2011-ci il tarixində ölkədə gənclər işinin maddi bazasının artırılması sahəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə verdiyiniz Sərəncam oldu. “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi, bu yaxınlarda ölkədə gənclər hərəkatının formalaşmasında və dövlətin gənclər siyasətinin həyata keçirilməsində fərqlənən aparıcı gənclət təşkilatlarının rəhbərlərini ”Tərəqqi Medalı” təltif etməyiniz yeni nəsil nümayəndələrinə və onların fəaliyyətinə olan dövlət qayğısının, dövlət rəhbərimizin xüsusi diqqətinin bariz nümunəsidir. Sizin siyasi iradəniz, hərtərəfli dəstək və qayğınız nəticəsində Azərbaycan gənclər siyasəti bir model olaraq dünya və region ölkələri tərəfindən uğurlu bir inkişaf təcrübəsi kimi qəbul edilməkdədir.
Azərbaycanda gənclər siyasətinin bir iştirakçısı dövlət qurumları olduğu halda, digər fəal tərəfdaşı da qeyri-hökumət gənclər təşkilatlarıdır ki, onlar da aparıcı, avanqard qüvvə kimi hər zaman cəmiyyətimizin, dövlətimizin inkişafında, onun haqlı, ədalətli mövqeyinin dünyaya çatdırılmasında, Sizin uğurlu daxili və xarici siyasətinizin ardıcıl müdafiəsində daim fəal rol oynamışlar və bu funksiyanı bu gündə davam etdirməkdədirlər.
Bu gün Azərbaycanda 300-dən çox yaxın gənclər təşkilatı fəaliyyət göstərir ki, onların da mütləq əksəriyyəti Sizin sadiq, təmənnasız “ictimai” əsgərləriniz sayılırlar, gənclər hərəkatının və vətəndaş cəmiyyətinin ruporu olan bu qurumlar və onların liderləri hər zaman özlərini Sizin yanınızda hesab edirlər və bundan sonrakı fəaliyyətimizlə də arxalana biləcəyiniz qüvvə olacağımıza Sizi bir daha əmin edirik.
Möhtərəm cənab Prezident!
Bildiyimiz kimi Milli Məclisin Gənclər və idman komitəsi tərəfindən 2002-ci ildə qəbul edilən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa müasir dövrün tələb və çağrışlarına uyğun bəzi əlavə və dəyişikliklərin edilməsi təklifi irəli sürülmüş və yaz sessiyası tərəfindən bu dəyişikliklər I oxunuşda qəbul edilmişdir. Bu əlavə və dəyişikliklər içərisində çoxsaylı təkliflər tərəfimizdən müsbət qiymətləndirilsə də, bizlərin – ardıcıl fəaliyyəti, Sizə və dövlətçiliyimizə sədaqəti ilə seçilən aşağıdakı aparıcı gənclər təşkilatları rəhbərlərinin ciddi narahatçılıq, narazılıq və etirazına səbəb olan bir məsələ də təəssüflər olsun ki, bu təklif olunan dəyişikliklər paketinə daxil edilmişdir.
Bizlərin haqlı etiraz və narazılığımıza səbəb olan təklif – “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2 1.0.5-ci maddəsinə edilən antidemokratik, beynəlxalq təcrübəyə sığmayan “gənclər təşkilatlarının icraedici orqanları üzvlərinin və təsisçilərinin yaşının 35 yaşla məhdudlaşdırılması” barədə olan təklifdir. Bu təklif Azərbaycan Respublikası Konstitutsiyasının 58-ci maddəsinin I, II və III bəndlərinə zidd olmaqla yanaşı, ölkəmizin qoşulduğu beynəlxalq konvensiya və protokollarla və eləcədə Azərbaycan Respublikasının “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və Azərbaycan Respublikasının “Hüquqi şəxslərin dövlət reyestri haqqında” Qanunları ilə də ziddiyət təşkil edir.
Bizlərin ciddi narahatçılığına səbəb olan bu təklif təəssüflər olsun ki, əsaslı araşdırma aparılmadan, inkişaf etmiş ölkələrin təcrübələri və ən əsası Azərbaycanın fəal gənclər təşkilatlarının fikir və rəyləri öyrənilmədən hazırlanmış və Milli Məclisin plenar müzakirəsinə çıxarılmışdır. Bu dəyişiklik qəbul ediləcəyi təqdirdə Azərbaycanda çoxsaylı gənclər təşkilatları sektorunda ciddi fəaliyyət zəifliyi və xoşagəlməz nəticələr ortaya çıxa bilər ki, bu da son nəticədə Sizin prioritet elan etdiyiniz gənclər siyasətinin inkişafına mənfi təsir edə bilər.
Çox hörmətli cənab Prezident!
Siz hər zaman müdrik qərarlarınızla, uzaqgörən addımlarınızla və peşəkar fəaliyyətinizlə bizlərə həm örnək olmusunuz, həm də gənclər sektorundakı ictimai liderlərə daimi dəstək vermisiniz.
Ona görə də Sizdən xahiş edirik ki, bizlərə örnək olan siyasi iradənizi bir daha nümayiş etdirərək, gənclər təşkilatlarına və onun rəhbərlərinə dəstək olaraq öz müstəsna hüququnuzdan istifadə edib, ədalətsiz və ciddi hüquqi ziddiyət təşkil edən bu müddəanın – “gənclər təşkilatlarının icraedici orqanları üzvlərinin və təsisçilərinin yaşının 35 yaşla məhdudlaşdırılması” barədə dəyişikliyin “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanun layihəsindən çıxarılmasına öz köməkliyinizi əsirgəməyəsiniz.
Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə, Sizə, Azərbaycan dövlətçiliyinə sədaqət və sevgiylə, ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət gənclər təşkilatları rəhbərləri:
www.yenicag.az