Devalvasiyanın fonunda ölkədə sürətlə bağlanan iş yerləri, əhalinin daha çox istifadə etdiyi istehlak bazarında qiymətlərin 1.5-2 dəfə bahalaşması höküməti daha ciddi addımlar atmağa məcbur etdi. Dövlət büdcəsindən maliyyələşən, fəaliyyəti hiss edilməyən idarə və təşkilatlar ləğv olundu. Bəzi strukturar birləşdirildi.
Ancaq problemə respublika prezidentinin vaxtında müdaxiləsi və çevik iqtisadi siyasəti nəticəsində dövlət yaranmış böhrandan az itkilərlə yaxa qurtara bildi.
Böhranın ölkədə yaratdığı gərgin sosial vəziyyət demək olar ki, səngiyib. Manat xarici valyutalar qarşısında gücünü yenidən toparlayır. İqtisadiyyatın nisbətən stabilləşməyə doğru getməsini görən müəyyən dövlət qurumları isə ənənəvi “fəaliyyət üsullarına”-rüşvətə start veriblər.
Ölkədə əksər insanlara aydındır ki, rüşvətin və korrupsiyanın ən çox kök atdığı qurumlardan biri (bəlkə də birincisi) BDYPİ-dir. BDYPİ-si dövlətin son illər ən çox pul ayırdığı qurum olsa da burada olan neqativ hallar azalmaq bilmir. Qurumun tabeçiliyində olan idarə və müəssisələr demək olar ki, bütünlüklə ya yenilənib ya da ki, əsaslı təmir olunub. Xidməti texnikalar və avtomobillər ən müasir standartlara cavab verir. Ölkədə ən çox məvacib və mükafat alanlar DYP-nin işçiləridir. Ancaq çox təəssüflər ki, bütün bu müsbət şərtlər yenə də bu strukturun fəaliyyətinin şəffaflaşması üçün yetərli deyil. Əks halda BDYPİ-nin haqqında səslənən ittihamlar, iddialar azalardı.
Yerli mətbuatda dəfələrlə BDYPİ-nin radar oyunundan, evakuasiya xidmətindən, MMX-larda baş verən fırıldaqlarından yazılıb. Hətta bu qurumun “radarı” o həddə qədər rəsmi birabırçılıq edib ki, 180 sürəti olan “07” avtomobilinə 193 sürət yazaraq ünvana cərimə aktı göndərib.
BDYPİ-də rüşvətin ən çox tüğyan etdiyi sahə dövlət nömrə nişanlarını və sürücülük vəsiqələrini verən orqanlarıdır. Burada sözün həqiqi mənasında əsl dərəbəylik hökm sürür. Dövlət rüsumu 15-20 manat olan dövlət nömrə nişanlarının 15-20 min manata satıldığı barədə çox yazılıb. İnkar edilməsi mümkün olunmayan faktlarla təqdim olunan bu yazılara BDYPİ-nin rəsmi münasibət bildirməməyi, strukturda yaranmış “bazar siyasəti”nə son qoyulmamağı BDYPİ-nin idarəçiliyində ciddi problemlərin olduğunu göstərir.
Redaksiyamızın elektron ünvanına 7 saylı Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsində baş verən rüşvətxorluq və qanunsuzluqlar barədə məlumat daxil olub.
Məlumatda deyilir ki, Yevlax şəhərində yerləşən Qeydiyyat-İmtahan şöbəsində “B” kateqoriyası üzrə sürücülük vəsiqəsi açıq-aşkar 900-1200 manata satılır. “BC” kateqoriyası üzrə sürücülük vəsiqələrinə görə tələb olunan məbləğ isə 1200-1500 manat arasıdır.
“D” kateqoriyasını əldə etmək isə ötən il yayda ölkədə keçirilən Avropa Oyunları zamanı baş vermiş avtobus qəzasından sonra dayandırılsa da “xüsusi səbəblər” olarsa almaq mümkündür.
Məlumatda deyilir ki bu idarədə “iki həyat” hökm sürür. Belə ki, idarədə şəffaflığın təmin olunması məqsədiylə dövlət tərəfindən quraşdırılan video- kameraların altında hər şey gözəldir. Nə bir manat rüşvət alınır, nə də vəsiqə satılır. Əgər bu kameraların müşahidə trayektoriyalarında hansısa “xam kliyent” “xoşagəlməz söhbət” etmək istəsə ühafizəçilər tərəfindən idarənin qarşısındakı bağa yönləndirilir. Və bu bağda “ikinci- əsl həyat” başlayır. Məlumatda deyilir ki, bura sanki əsl “makler bağı”dır. Rayon peşə məktəblərinin müəllimləri burada valideynlərlə, vəsiqə almağa gəlmiş insanlarla qiymət sövdələşməsi aparırlar. Burada makler- müəllimlərin tələblərinə “müsbət reaksiya” verən insanlar imtanahlardan “üzüağ” çıxırlar. Makler-müəllimlər tərəfindən alınan rüşvət idarənin rəis müavini əslən kəlbəcər rayonundan olan kapitanın əlində cəmləşir və sonda idarə rəisinə çatdırılır.
Məlumatda deyilir ki, idarə rəsisi Elxan Əliyevin Yevlax 7 saylı Qeydiyyat- İmtahan şöbəsində qurduğu rüşvət şəbəkəsindən yuxarı instansiyaların da xəbəri var. Bu instansiyalar dəfələrlə Elxan Əliyev barəsində tədbir görmək istəsələr də, məhz Elxan Əliyevin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalovla olan yerlilik və qohumluq əlaqələrinə görə istəklərinə nail ola bilməyiblər. Deyilənə görə bütün məclislərdə Elxan Əliyev Ramiz Zeynalovun həmyerlisi və qohumu olmasını xüsusi olaraq qabardır.
Qeyd edək ki, Yevlax 7 saylı Qeydiyyat-İmtahan şöbəsi Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Ucar, Göyçay və Kəlbəcər rayonlarının sakinlərinə xidmət göstərir.
Xatırladaq ki, polkovnik Elxan Mikayıl oğlu Əliyev ötən il Daxili işlər naziri General-polkovnik Ramil Usubovun əmri ilə Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinə təyin olunub. /Qlobal.az
www.yenicag.az