Geosiyasi KOLLAPS – ABŞ-İsrail oxunun mümkün İran SSENARİSİ
“Biz bilirik ki, hələ Bayden hakimiyyəti dövründə İsrail İranla bağlı əməliyyatlara başlamaq üçün çox çalışdı və hətta İranı birbaşa müharibəyə cəlb etmək üçün İrana hava zərbələri də endirdi. Amma həmin dövrdə Baydenin çağırışları və dəstək verməyəcəyini bəyan etməsi, İsrailə İranla müharibədə lazım olan qırıcıların ötürülməsi, ağır bombaların verilməsindən imtinası İsraili bu prosesdə tək qoymuşdu”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Siyasi təhlilçi ABŞ prezidenti Donald Trampın İrana qarşı mümkün zərbə planlarını təsdiqlədiyi, lakin hələlik bu planların icrası ilə bağlı əmr verməməsi haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
Onun sözlərinə görə, Tramp hakimiyyətə gəldikdən sonra isə biz aktiv şəkildə İsrailin silahlandırılmasına və İsrailə əvvəl verilməyən silah və texnikanın ötürülməsinə şahidlik etdik:
“Bu da o deməkdir ki, ABŞ prezidenti Tramp İsrailin İrana qarşı əməliyyatlarını dəstəkləyir. Yəni düzdür, danışıqlar prosesi başladı və danışıqlar prosesi İrana bir fürsət olaraq verilmişdi. Amma nəticəsiz danışıqlar İsrailin fürsətdən istifadə edib hərəkətə keçməsinə və ABŞ-nin də buna dəstək verməsinə gətirib çıxardı. İndi təbii ki, Tramp üçün bir nömrəli və vacib olan məsələ İranın maksimum güzəştlərə getməsinə nail olmaqdan ibarətdir. Son ABŞ-İran danışıqlarında İranın ABŞ-nin şərtləri daxilində güzəştlərə hazır olmaması ABŞ-nin İsrailə müharibəyə başlamaq razılığını verməsinə gətirib çıxardı. İndi də Tramp birbaşa müharibəyə ABŞ-nin qoşulma ehtimalı, İrana zərbələrin endirilməsi, Xameneinin fiziki olaraq aradan götürülməsi ilə bağlı bəyanatlar verəndə, faktiki olaraq İranı ABŞ-nin şərtləri daxilində masaya oturmağa məcbur etmək istəyir”.
R. Bayramov xatırladıb ki, bundan əvvəl Tehrana 24 saat vaxt, sonra isə 48 saat vaxt verildi:
“Sonra yenidən “İran tərəfi artıq danışıqlara hazırdır” mesajı verib. Ardınca da Netanyahuya “bombalamağa davam et” kimi mesajlar ötürmüş oldu. Bütün bunlar İranı maksimum şəkildə sıxışdırmaq üçündür. Təbii ki, İran indi masaya oturacaq. 10 gün bundan qabaq İrana təklif olunan saziş artıq olmayacaq. Masada İrana daha ağır şərtlərlə bir saziş təqdim olunacaq. Burada İranın, ümumiyyətlə, nüvə zənginləşdirilməsindən imtina etməsi məsələsi var. Əgər əvvəl hansısa formada dinc məqsədlər üçün istifadəsi nəzərdə tutulubsa, indi o imkan da verilməmiş olacaq. Müvafiq olaraq, yəqin ki, islahatların həyata keçirilməsi və digər məsələlərlə bağlı İran faktiki olaraq küncə sıxışdırılmış olacaq”.
Müsahibimiz əmindir ki, nəticəni proqnozlaşdırmaq olduqca çətindir:
“Amma məsələ burasındadır ki, İran artıq tükənmək üzrədir. Yəni, əgər dünənin məlumatına görə 400 ballistik raket atılıbsa və bunun cəmi 40-ı İsrail ərazisinə düşübsə, bu o deməkdir ki, müharibədə uğur qazanması İran üçün faktiki olaraq mümkünsüz hala keçib. Buraya biz daxildə olan narazılıqların da bir müddətdən sonra baş qaldıracağını, İranın özünün artıq hava məkanını müdafiə etməkdə aciz qalacağını və s. əlavə etdikdə, ortaya bir mənzərə çıxır. O mənzərə də ondan ibarətdir ki, İran ya bütün şərtləri qəbul edərək masada oturacaq, ya da İraqla olduğu kimi uzunmüddətli bir müharibəyə girmiş olacaq. Bu da son nəticədə İranın parçalanmasına qədər gedib çata bilər”.
“Ona görə də buradan sonrakı hadisələrin gedişi faktiki olaraq İranın hansı addımlar atacağına və hansı davranışları sərgiləyəcəyindən asılı olacaq. Çünki Tehran faktiki olaraq müttəfiqsiz qalıb ortada. İndiyə qədər qoşulduğu Çin, Rusiya kimi ölkələr açıq şəkildə onu müdafiə etmək niyyətlərini ortaya qoymayıblar. Ona görə də İranın qarşısında olduqca ağır bir seçim var: ya bütün şərtləri qəbul etmək, ya da uzunmüddətli müharibəyə girib daha çox itirmək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov