Dərman vasitələri ilə bağlı Tarif Şurası tərəfindən vahid qiymət siyasəti tətbiq edildikdən sonra bu sahədəki vəziyyətin nisbətən sabitləşəcəyi qeyd edilirdi. Lakin sonradan bir çox problemlər özünü göstərməyə başladı.
Manatın dollar qarşısında zəifləməsi isə apteklərdə dərman qıtlığına gətirib çıxartdı. Bütün bunlar azmış kimi indi də əhalinin böyük əksəriyyəti dərmanların keyfiyyətindən şikayətlənməyə başlayıb. Yəni insanlar istifadə etdikləri dərmanların artıq orqanizmə təsir etmədiyini deyirlər.
Məsələn, əməkdar artist Naibə Allahverdiyeva sosial şəbəkədəki səhifəsində hipertoniyadan əziyyət çəkdiyini qeyd edib. Əməkdar artisit dərmanların keyfiyyətindən şikayət edərək əlavə edib ki, qəbul etdiyi dərmanlar əvvəlki kimi təsir göstərmir.
Mütəxəssislər bunun əsas səbəbi kimi bazara saxta dərmanların yol açmasında görürlər. Elə yeri gəlmişkən qeyd edək ki, yanvar-fevral ayları ərzində sərhəddən qaçaqmalçılıq yolu ilə dərman vasitələrinin gətirilməsinə cəhd edilib. Dövlət Gömrük Komitəsi bununla bağlı məlumatlar yayıb. Belə ki, hər birində 30 həb olmaqla 50 konvalyut “Clonazepam 2 mq”, hər birində 20 həb olmaqla 50 konvalyut “Relium (diazepam) 5 mq”, hər birində 25 həb olmaqla 30 konvalyut “Elenium (chlordiazepoxide) 10 mq”, 1 ədəd şüşə flakonda 30 həb olmaqla “Rivotril (clonazepam) 2 mq” adlı dərman preparatları və 276 konvalyut “Lyrica (pregabalin)” adlı dərman preparatı aşkar edilib. Xatırladaq ki, “Lyrica (pregabalin)” adlı dərman preparatının Azərbaycan ərazisində mülki dövriyyəsi qadağandır.
Göründüyü kimi qaçaqmalçılıq yolu ilə dərman vasitələrinin ölkəyə gətirilməsinin qarşısı dövlət orqanları tərəfindən alınır. Lakin gizli yolla dərman vasitələrinin gətirilmədiyini də söyləmək mümkün deyil. Çünki qaçaqmal yolu ilə gətirilən dərman apteklərdən kənar da olsa, vətəndaşlara satılır.
Onu da qeyd edək ki, Bakı və ətraf ərazilərdə saxta dərman istehsalı ilə məşğul olan gizli sexlərin fəaliyyət göstərməsi də mediada mütəmadi olaraq işıqlandırılıb. Bu gizli sexlərdə “istehsal edilən dərmanlar” müxtəlif yollarla apteklərin vitrinində yer alır. Saxta dərman sexlərinin himayəçiləri isə təbii ki, dərman inhisarçılarıdır. Çünki belə olmasaydı, çoxdan hüquq-mühafizə orqanları tərəfindən bu gizli dərman sexləri aşkarlanardı.
Məsələ ilə bağlı Yeniçağ.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Azərbaycanın dərman bazarı bərbad gündədir:
“Dövlət farmokopiyasının və dərman vasitələrinin dövlət reyestrinin olmaması, Azərbaycan ərazisinə daxil olan bu kimi məhsullar içərisində 3-cü ölkədə istehsal edilən dərmanların üstünlük təşkil etməsi keyfiyyət parametrlərinə birbaşa təsir edir. Azərbaycan kimi ölkələrdə ilk növbədə Ümumdünya Səhiyyə Təşkilatının reyestirinə daxil olan dərmanlardan istifadə edilməlidir. Bu dərmanlar dünyada tanınıb və təsdiq olunub. Dünyanın bir çox ölkələrində və klinikalarında bu dərman vasitələrindən istifadə edilməklə yanaşı, həm də onun yan təsirləri ilə bağlı mütəmadi olaraq araşdırmalar aparılır. Biz əslində dərman təhlükəsizliyi konsepsiyasından çıxış edərək, çalışmalıyıq ki, ölkəyə daha təhlükəsiz dərmanlar daxil olsun. Amma Azərbaycanda dərman bazarı monopoliyadadır və təbii ki, bundan sui-istifadə halları var. Ona görə də bu sahədə vəziyyət ürəkaçan deyil”.
Sosioloq İlqar Hüseynli isə deyir ki, Səhiyyə Nazirliyi yanında İnnovasiya Mərkəzi və Mərkəzi Analitik Laboratoriya fəaliyyət göstərir və ölkəyə idxal olunan bütün dərman vasitələri, o cümlədən hipertoniya əleyhinə istifadə olunan dərmanlar həmin laboratoriyada yoxlanıldıqdan sonra sertifikat alır:
“Keyfiyyət sertifikatı almış bütün dərman preparatları bundan sonra topdansatış müəssisələri vasitəsilə apteklərə verilir. Əgər pasient Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınan və keyfiyyət sertifikatı olan dərman preparatlarından istifadə edirsə, bu halda hər hansı keyfiyyətsizlikdən danışmaq olmaz. Yox, əgər dərman preparatı bu qaydalardan kənar yolla ölkəyə daxil olaraq satılırsa, onda bu qaçaq yolu ilə ölkəyə gətirildiyi barədə şübhələrə yol açır və bununla əlaqədar olaraq gömruk və təhlükəsizlik orqanları ciddi məşğul olmalıdır.
Amma istisna hallar da var. Bəzi xəstələr uzunmüddətli eyni dərmandan istifadə etdikdə qəbul olunan dozaya orqanizmin uyğunlaşması baş verir, orqanizm yeni və artıq dozanı və ya daha təsirli digər dərman preparatını tələb edir. Bu halda uzun müddət eyni dozada və eyni tərkibdə qəbul olunan dərmanın təsiri hiss olunmur və xəstədə şübhələr yaranır ki, yəqin dərmanın keyfiyyətində problemlər var. Belə hallarda xəstə digər dozada olan və lazim gəldikdə başqa dərmana keçid etməlidir. Amma Avropadan, Türkiyədən idxal olunan dərmanların aşağı keyfiyyətlə buraxılmasını demək olmaz. Ona görə ki, həmin istehsalçı zavodlar öz reytinqlərini qorumaqda maraqlıdırlar”
BƏXTİYAR
Yeniçağ.az
www.yenicag.az