Gömrükçülər xeyli miqdarda narkotik vasitə və psixotrop maddənin gömrük nəzarətindәn gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Yenicag.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan daxil olan “Volvo” markalı, 69E20710 dövlət nömrə nişanlı sərnişin avtobusuna baxış zamanı 3 ədəd kisə və bir ədəd əl yükünün sahibi müəyyən olunmayıb. İran vətəndaşı olan avtobus sürücüləri həmin yüklərin pakistanlı bir şəxsə məxsus olduğunu və onun yanındakı başqa bir nəfərlə İran gömrüyündə avtobusdan enərək piyada yolla Azərbaycan Respublikasına daxil olduğunu, hazırda isə Astara gömrük postunun çıxış qapısında avtobusu gözlədiklərini bildiriblər. Sonra şəxsiyyəti müəyyənləşdirilən həmin şəxslər, Pakistan İslam Respublikasının vətəndaşları Xan Nur Xan Camal oğlu və Butt Amjad Javed Hussain Fazal oğlu Astara gömrük postunun avtonəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə dəvət olunublar. Orada Xan Nur Xan Camal oğlu sözügedən yüklərin ona məxsus olduğunu bildirib. Daha sonra onun iştirakı ilə əl yüklərinə rentgen aparatında baxış keçirilib. Baxış zamanı 3 ədəd kisənin içərisində şübhəli cizgilər müşahidə edildiyindən həmin yüklər kinoloji xidmət itinin tətbiqi ilə təkrar yoxlanılıb. “Volter” ləqəbli xidməti it kisələrə reaksiya verdiyi üçün həmin yüklər bu dəfə əsaslı şəkildə yenidən yoxlanılıb. Nəticədə 3 ədəd kisədə olan 39 ədəd gödəkçənin astarının içərisində cəmi 106 ədəd bağlamada, qablaşdırılması ilə birlikdə ümumi çəkisi 3 kiloqram 260 qram təşkil edən narkotik vasitə – heroin aşkarlanıb. Bununla yanaşı, adıçəkilən Pakistan vətəndaşının əl çantasında isə üzərində “Alprazolam 0.5 mg” yazısı olan 43 ədəd dərman preparatı aşkar edilib.
Xatırladaq ki, alprazolam “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin III Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az