Günahkar banklar deyil, Mərkəzi Bankdır
Dollarla götürülən kreditlərlə bağlı əhaliyə güzəşt olunmalıdırmı?
Rəşad Həsənov: “Ölkədə təxminən 2 milyon yarım şəxs kredit götürüb. Təxminən 18 milyard kreditin 35-40 %-i xarici valyutadadır”.
İqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, hazırki, situasiyada “banklar günahkardır mı?”- sualı fikrimcə yanlış yanaşmadır. Burada bankların heç bir günahı yoxdur.
“Burada günahkar olaraq günahkar birbaşa Hökumət və Mərkəzi Bankdır. Ona görə də, hər iki tərəf vətəndaşın sosial yükünü azaltmaq məqsədilə müəyyən addımlar atmalıdır. Mərkəzi Bank özəl banklara təklif etməlidir ki, bu kreditləri orta məzənnə ilə (məsələn 0.92 qəpiklə) geri alsın. Lakin indiki vəziyyət onu göstərir ki, Mərkəzi Bank heç bir güzəştə getmək istəmir. Məsələ ondadır ki, Mərkəzi Bankın ehtiyatları da artıq ciddi şəkildə azalıb və devalvasiyaya getməklə ehtiyatlarını qorumağı nəzərdə tutmuşdur. Yaranmış vəziyyət ona əsas verir ki, vətəndaş borcunu hazırki məzənnə ilə ödəsin. Lakin burada banklar vaxtı uzatmaqla vətəndaşın aylıq kredit öhdəliyini manatla ifadədə həcmini eyni səviyyədə saxlamağa üstünlük verirlər. Bu hal özü də vətəndaş üçün tam səmərəli metod deyil. Belə olan halda, vaxt uzanır və vətəndaş əlavə faiz ödəməyə məcbur olur. Bu isə təbii ki, öz sosial ağır nəticələrini gələcəkdə göstərəcəkdir. Digər tərəfdən isə bəzi banklar kreditlər üzrə 2-3 %-lik güzəşt etmək təklifi ilə çıxış edirlər. Təbii ki, bu güzəşt də borc öhdəliyinin qarşlığında nəticəni dəyişmir.-deyə Rəşad Həsənov sözlərinə əlavə edib.
Ekspert sonda bunları qeyd edib: “Bu situasiyada vətəndaş ciddi şəkildə itirib və zərərə uğrayıb. Bundan sonrakı dövrlərdə kreditlərin qaytarılmasında ciddi problemlər yaranacaq. Nəticədə, problemli kreditlərinin həcminin artmasına, bankların likvidiliyinn aşağı düşməsinə, o cümlədən daxili istehsala bir sözlə hər bir sahəyə öz təsirini göstərəcəkdir.”
Kamran