Günel XƏZƏL: Otağımız nə qədər qaranlıq olsa da…
Yağışdan qorumaq üçün dayanacağa sığındım. Orda daha iki xanım vardı. Biri hündür boylu, uzun ətək geymiş, səliqəli makiyajda, aşırma çantalı sadə, tələbə qız, o biri gödəkcənin papağını başına çəkmiş üzünü görmədiyim çox balaca boylu bir xanım. Damcıların suda yaratdığı halqaları izləyirdim. Hündür boylu tələbə yaxınlaşıb, bir məsələylə bağlı fikrimi soruşmaq istədiyini dedi. Razılığımı bildirdim.
– Xanım, sizcə bu dünyada niyə müharibələr olur, nəyə görə, insanlar bir-birinə qarşı bu qədər amansızdır?…
Yağışlı gündə, dayanacaqda veriləsi sualdı bu?! Hərçənd yad birindən gələcək hansı suala hazırıq ki?! Uzağı, bilmirsiniz filan yerə necə getməli, yaxud, saat neçədi?!
İndi bu fəlsəfi sualı cavablandlrmalı idim. Zaman qazanmaq üçün gülümsədim. Sonra bütün bəşəri faciələri insan eqosunun, mənfəət hissinin boynuna yıxdım. Dedim, ki, bütün bəlalar fədakarlıq hissini unutduğumuz üçün baş verir. Mistikadır bəlkə… Hərdən cümlələr bizdən ixtiyarsız səslənir. “Danışan mənəmmi?” düşünürsən, cümlələr isə doğulur.
Elə bu qara gözlü tələbəyə mənfəət hissinin əzəli amma dağıdıcı enerjisindən monoloqa başlamaq istəyirdim ki, onun arxasından balaca boylu ciy-ciy səsli xanım çıxdı. Xanımın yaşı otuzdan çox olardı. Bu yaşda olan, ailə qurmayan xanımların üz ifadələrində qəribə bezginlik və məyusluq olur. Ailə qurmadığını hardan bildim?! Bunu hər zaman hiss edirəm. Çox güman qohum əqrəba tənələri, ananın onu ərə verə bilməmək dərdi bu ifadəni onların üzünə hopdurur.
Bu balaca xanım mənə qışın islaq çağında “Allah bu ədalətsizliyə çoxmu dözəcək?” deməzmi?!
Hoppali! Söhbətin bu məcraya yönəlməsi məni əvvəlcə çaşdırdı. Sonra yayda uşaqlarımla parkda başıma gələn bir əhvalatı xatırlayıb, özümə gəldim. Anladım ki, bu xanımlar da təxminən eyni dini təşkilatın nümayəndələridir. Parkdakı o söhbətdən yazım da var, xatırlamıram hansı saytda gedib.
Hə, əlqərəz, bu gödəkcənin papağı altında gizlənmiş xanım dini inancım, arzularım haqda suallar verməyə başladı. Elə bildim bir az da müdrikliyə dayanıb susmağa davam etsəm, ayaqqabı ölçülərimə qədər maraqlanacaq. Ard-arda bir patron sualın atəşinə davam gətirməyib, dilləndim.
Dinlərin insanları idarə etmə üsulu olduğunu, Tanrıyla insan arasındakı bağın heç bir dindən, təriqətdən, təşkilatdan keçmədiyini , nəyə görə dini qurumlara güvənmədiyimdən danışdım. Dini təşkilatların insanları öz mənafeləri üçün istifadə etdiyindən söz açdım.
Bu vaxt tələbə qızın parlayan gözlərində beynində dolaşan tərəddüdlü suallar yarandığını hiss elədim. O maraqla məni dinləyir, balaca xanım isə aramızda yaranmış göz ünsiyyətinin arasına çarəsiz etirazları, gülməli utopiyası ilə soxulurdu. Nə vaxtsa bu bəlalardan, pisliklərdən qurtulacağımızı, dünyada hər kəsin ali təfəkkürə, kamilliyə yetişəcəyini, hər yerdə sürəcək sülh və əminamanlığı mənə təsvir etməyə çalışırdı.
Mən isə onun gödəkcə papağında gizlənmiş gözlərini axtarırdım. Öz dediyinə nə qədər inandığını görmək üçün…Tapdım, gördüm və…
Dedim ki, elə mükəmməl zamanda yaşamaq mənə maraqsız olar. Hamı kamil və ağıllı dolaşsa, kimə nə öyrədərik, kimdən nə öyrənərik, necə inkişaf edərik, günah, səhv edib bağışlanmağımızı istəyərik?!
Bilirəm, qəddarcasına davrandım. Bu balaca boylu, balaca ruhlu adamın inamını aşağılamışdım, inanmadan, amma həvəslə anlatdığı utopik Kürəsini istəməmişdim.
Onda belə çıxır ki, biri pul kisənizi yaxud bahalı telefonunuzu oğurlasa, bu sizi sevindirər?
Pafosla “Düşünərəm ki, bəlkə satıb, övladına çəkmə alacaq və belə özümə təskinlik verərəm”, dedim. İstehzalı gülüşündən yüngülvari qəzəb duydum.
Söz axtarıb, bir az güləndən sonra “Maraqlı xanımsız” sadə cümləsiylə şərh verməkdən qurtuldu. Bu vaxt tələbəyə göz-qaş elədi. Tələbə çantasından bir xristianlıqla bağlı kitab dartışdırıb çıxarmağa çalışanda 13 nömrə gəldi, avtobusu deyirəm a.
Tələbənin gözlərinin içinə baxıb, “Dərslərini oxu, sənət sahibi ol, səni istifadə etmələrinə imkan vermə, gözəl günləri gözləyə-gözləyə bu yağışlı havadan zövq almağı unudursan.”-deyib avtobusa qaçdım.
Pəncərədən iki xanımın bir neçə saniyə üz-üzə dayandığını, sonra cavan tələbənin əlindəki kitabı balacanın qucağına sıxıb, çıxıb getdiyini gördüm.
Bir zaman yaşayacağı gözəlliklərlə başını qatıb, indi var olanları unutmağa vadar edilmiş bu cavan qıza deyəsən həyatın hər şəkliylə gözəl olduğunu anlada bilmişdim. Nə vaxtsa gələcək, bəlkə də heç gəlməyəcək gələcək üçün bu günü qurban vermək nəyə gərək?!
Bütün müharibələrə, həbslərə, edamlara, şərlərə, ölümlərə baxmayaraq hələ də ilk dəfə “Ana” deyən körpələr, çiçək açan güllər, sevgi etirafları, əhvlər, bəraətlər, bağışlamalar, sülhlər də var.
Otağımız nə qədər qaranlıq olsa da, pəncərədə işıq salan bir ay var -bunu unutmayaq…