“Hərəkatın Azərbaycan diasporunun sağlam və milli kəsimi ilə sıx əlaqələrinin qurulması da ümumi işin faydasına olacaq”.
Bu fikirləri Güney Azərbaycan milli hərəkatının yeni keyfiyyət mərhələsinə daxil olması haqda danışan politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Güney Azərbaycanda hər hansı bir aktivlik İranın molla rejimi tərəfindən çox ciddi siqnal kimi qəbul olunur:
“Təbii, Güney Azərbaycanın əsas ictimai-siyasi təşkilatlarının bu dönəmdə aktivləşəcəkləri gözlənilən bir hadisə idi. Eyni zamanda çox müsbət haldır ki, İranda indiyə qədər beş vermiş ciddi siyasi proseslərdə önə çıxan, yüksək fəallıq nümayiş etdirən Güney azərbaycanlılar bu ərəfədə cərəyan edən hadisələrdə kifayət qədər təmkinli davranaraq, uyğun zamanın yetişməsini gözlədilər.
Çünki son proseslərin başlanğıcında tələsik fəallıq nümayiş etdirmək Güney Azərbaycan milli hərəkatı üçün müəyyən risk və təhlükə yarada bilərdi. Ona görə də Güney Azərbaycanda hər hansı bir aktivlik İranın molla rejimi tərəfindən çox ciddi siqnal kimi qəbul olunur. Amma dediyim kimi, burada təmkinli davranış çox yerinə düşdü.
Qeyd edim ki, Güney Azərbaycan milli hərəkatının İranın molla rejiminin zəifləməsini gözləmək taktikası bütün aspektlərdən doğru addım sayılmalıdır. Hər halda, başlanmış etiraz dalğası nəticəsində İran rejiminin sosial-milli-dini dayaqları əhəmiyyətli dərəcədə sarsıdılıb. Dinc əhaliyə qarşı tətbiq edilən qeyri-insani cəza tədbirləri də rejimin dayaqlarına ardıcıl zərbələr endirir. Bu fonda İran rejimi özünün tarixən effektli olan dini-ideoloji silahından da məhrum olur.
Sözsüz ki, Güney Azərbaycanın bir araya gəlmiş aparıcı təşkilatlarının bu birgəliyi sona qədər qoruyub saxlamaları çox vacibdir. Həmçinin Güneydəki hərəkatın İranın istər keçmişdəki fars, istərsə də indiki molla rejimi ilə işbirliyində olan dairələrin təsirinə düşməsinə imkan vermək olmaz. Bütün bunlarla yanaşı, fikrimcə, Güney Azərbaycan milli hərəkatının Azərbaycan diasporunun sağlam və milli kəsimi ilə sıx əlaqələrinin qurulması da ümumi işin faydasına olacaq”.
A.Zeynalov
www.yenicag.az