Azərbaycanda İranın əsas təbliğçilərindən biri sayılan Məşədi Dadaş Məscidinin axundu Hacı Şahin ölkə möminlərini İslam Respublikasının ali dini rəhbəri Xameneyiyə biət etməyə çağırıb.
Yenicag.az xəbər verir ki, Hacı Şahin bu barədə fikirlərini Məşədi Dadaş məcsidindəki son çıxışlarından birində səsləndirib.
Çox maraqlıdır ki, adıçəkilən axundunun qeyd olunan fikirlərinin yer aldığı çıxış “YouTube”a yerləşdirilsə də, daha sonra nədənsə oradan silinib.
Bununla belə, “YouTube”dan silinən o videokadrları gizlətmək mümkün olmayıb və material geniş miqyasda ictimailəşib.
Hacı Şahin bu çıxışında ölkə möminlərinin, ən azı, rəhbəri olduğu dini icma üzvlərinin Vilayəti-Fəqihə tabe olmalarının zəruriliyini deyir. Bu fikirlərin səsləndirildiyi kadrda isə İranın ali dini rəhbərinin görüntülərinin yer alması onu sübut edir ki, Hacı Şahinin Azərbaycan vətəndaşlarını Vilayəti-Fəqih dedikdə məhz Xameneyiyə biət etməyə çağırır. Axundun çıxışının həmin hissəsini təqdim edirik:
“Sanki bəzi proseslər onu göstərir ki, bəşəriyyət kiminsə timsalında Allah vəlisinə tabe olmağı məşq edir. Məşq dövrünü keçir ki, kiməsə tabe olmağa hazırlaşsın.
İnanın, diqqətlə baxın, islam tarixinin bugünkü günündə cərəyan edən hadisələrin məhvəri yenə Vilayəti-Fəqihdir. Vilayəti-Fəqihi qəbul edənlər, etməyənlər… Edənlərin içində kimlər hansı şəkildə onu qəbul edir, hansı şəkildə qəbul etmir…
Bu gün o Vilayəti-Fəqihin timsalı kimlərdir? Keçmişdə yaşayan imamlara itaət eləmək asandır. Əsas bu gün görünür ki, biz kimə tabe olanda, kimə dəyər verəndə Vilayəti-Fəqihə bağlıyıq”.
Kadrlardan da göründüyü kimi, Hacı Şahin hazırda bəşəriyyətin Vilayəti-Fəqihə tabe olmaq üçün “məşq etdiyini” deyir. Axund burada “Mehdi Sahib-Əz-Zamanın zühuru”ndan sonrakı mərhələni nəzərdə tutaraq “məşq” dedikdə Xameneyiyə biətin zəruriliyini önə çəkir.
Ümumiyyətlə, bu, Hacı Şahinin Azərbaycanın dövlət maraqlarının ziddinə olaraq İranın, onun dini rəhbərinin təbliğatını aparmasına dair ilk hal deyil. Elə son Ramazan bayramında bayram namazının İranla eyni gündə, mayın 3-də qılınması onun İran maraqlarının ifadəçisi olduğunun növbəti nümunəsi kimi qiymətləndirildi.
Təbii, Hacı Şahinin bu mənada artıq bütün çərçivələri aşması dini cameədə, konkret olaraq Qafqaz Müsəlmanları İdarəsində (QMİ) də ciddi narahatlığa səbəb olub. Bu səbəbdən ali dini təhsili olmayan Hacı Şahinin axundluqdan kənarlaşdırılmasına qərar verilib.
Lakin QMİ rəhbərliyində təmsil olunan bəzi fiqurların, o cümlədən dini cameədəki müəyyən “xadim”lərin dəstəyi Hacı Şahinə hələ ki öz vəzifəsini qorumağa imkan verir. Ona dəstək verənlərin sırasında isə QMİ Qazılar Şurasının üzvü və QMİ sədrinin müavini Hacı Fuad Nurullayevlə Əjdərbəy məscidinin axundu Şeyx Cavid xüsusilə fəallıq göstərirlər.
Bu dəstəyin tək səbəbi isə adları çəkilənlərin hamısının İranın maraqlarına xidmət etmək, tək dini deyil, digər mühüm müstəvilərdə də Tehranın təsir imkanlarını artırmaqdır. Ancaq kifayət qədər açıq “oynayan” bu şəxslərin gerçək məqsədlərinin dövlətə də bəlli olduğuna, onların barəsində gec-tez lazımi ölçü götürüləcəyinə şübhə yoxdur.
Yazıda adı çəkilən şəxslərin mövqeyini yayımlaya bilərik.
www.yenicag.az