“Hansı dövlət qurumunun fəaliyyətindən razısınız?”
“Bunlardan uzaq durmaq istəyirəm”
Dəfələrlə vətəndaşlarımızın dövlət idarələrindən, müvafiq qurumlarından şikayətləndiyini görmüşük. Hətta ən adi sənəd üçün belə rüşvət tələb etdiklərini də vətəndaşın dilindən eşitmişik. Süründürməçilik halları zaman-zaman özünü göstərib. Lakin sonradan rüşvətxorluğa qarşı aparılan mübarizədə bu tendensiya müəyyən dərəcədə dayandı. Son dönəmlərdə yaradılan ASAN xidmət mərkəzləri isə əhaliyə şəffaf xidmət göstərməyə başladı. Bu, şəffaf xidmət mərkəzində rüşvətdən söhbət belə gedə bilməz. Süründürməçilik halı isə qeyri-mümkündür. Ən qısa zamanda vətəndaşın məsələsinə baxılır. Bütün bunlar göz qabağındadır.
Bunları nəzərə alaraq, Yenicag.az saytı olaraq, sosial şəbəkədə sorğu keçirməyi qərara aldıq. “Hansı dövlət qurumunun fəaliyyətindən razısınız?” sualı ilə vətəndaşlara müraciət etdik.
Gülşən Əlizadə: “Heç bir dövlət qurumu qənaətbəxş fəaliyyət göstərmir. Şükürlər olsun ki, heç bir quruma işim düşməyib. Ancaq deyilənlərə görə, bu belədir”
Hüseyn Azizoğlu: “Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətindən razıyam. Digərlərinə nisbətən daha operativ şəkildə çalışırlar”
İlqar Vəliyev: “Asan xidmətin fəaliyyətindən razıyam. Digər qurumlarla müqayisədə daha şəffaf çalışır”
Eşqin Kazım: “Əslində razı olduğum dövlət qurumu yoxdur. Nisbətən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətindən razıyam.”
Çoşqun Eldaroğlu: “Heç bir dövlət dövlət qurumunun fəaliyyətindən razı deyiləm. Bürokratik əngəllər, vətəndaşa qarşı hörmətsizlik başlıca nöqsanlardır”
Günay Süleymanova: “Heç birindən razı deyiləm. Səbəbini deməyəcəm. Çünki bunlardan uzmaq durmaq istəyirəm”
Amid Süleymanov: “Bütün dövlət qurumları korrupsiya və rüşvətə bulaşıb. Azərbaycanda hər hansı dövlət qurumundan razı deyiləm”
Aytən Nəsibbəyli : “Dövlət qurumları ilə bağlı ümumilikdə yaxşı və ya pis təcrübə yaşamamışam. Ancaq ümumi olaraq götürdükdə, vətəndaşların qurumlardakı süründürməçilikdən, rüşvətdən şikayətləndiyi hamıya məlumdur.”
Faiq Kərimoğlu: “Hamısının əksiklikləri var. Buna baxmayaraq, dövlət qurumları içərisində Asan Xidmətin fəaliyyəti alqışlana bilər.”
Kamran ƏDALƏTOĞLU