Sabirabad rayonu Poladtoğay kəndində yaşayan Səfərova Səadət Sultanəli qızı Baş Prokurorluğa və Binəqədi rayon prokuroruna şikayət ərizəsi ilə müraciət edib.
Yenicag.az saytının məlumatına görə, o bildirib ki, bir müddət öncə Bakıda marketə basqın edərək qarşıdurma yaratmaqda ittiham edilən iş adamı Azadxan Xanməmmədov onun da pullarını ələ keçirib və geri qaytarmayıb: “Mənə məxsus olan “Bauver 20 H” və “Soulmec SR 30” markalı ağır tikinti texnikalarını hal-hazırda həbsdə olan Xanməmmədov Azadxan Allahqulu oğlu ilə aramızda olan şifahi razılaşmaya əsasən alıb, lakin ona olan inam və etibarımdan istifadə edərək texnikanın pulunun 706 min manatını ödəməyib. Dəfələrlə Binəqədi rayonu ərazisində yerləşən “Azdlıq” metrosunun yanındakı ofisinə müraciət etsək də, yalan vəd verərək guya texnikanın pulunu yaxın zamanda ödəyəcək deyib mənə qarşı dələduzluq edib. Onun bu cinayət əməli nəticəsində mən və ailə üzvlərim ağır maddi vəziyyətə düşmüşük.
Mən bilirəm ki, Xanməmmədov Azadxan Allahqulu oğluna qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə cinayət işi başlanıb. Ona görə də, cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması üçün təqsirləndirilənin cinayət əməlinə düzgün qiymət verilməsinə görə mənə qarşı da törətmiş olduğu cinayət əməlinin birlikdə araşıdırılması qanunvericilik nöqteyi-nəzərindən məqsədə müvafiqdir.
Yuxarda qeyd olunanları nəzərə alaraq Səadət Səfərova prokurordan xahiş edir ki, ona qarşı dələduzluq etmiş Xanməmmədov Azadxan Allahqulu oğluna Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə başlanmış cinayət işi çərçivəsində onun zərərçəkəmiş qismində cəlb olunmağım barədə qərar qəbul etsin.
Qeyd edək ki, bir müddət öncə marketə basqın edərək qarşıdurma yaratmaqda ittiham edilən iş adamı Azadxan Xanməmmədova qarşı daha bir cinayət işi açılıb. “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə, bundan öncə xuliqanlıqda təqsirləndirilən A.Xanməmmədov bu dəfə dələduzluqda ittiham edilir. Belə ki, Faiq Seyidovun şikayəti əsasında Binəqədi rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. F.Seyidov ərizəsində qeyd edib ki, A.Xanmmədov onun etibarından sui-istifadə edərək 1 milyon 800 min manat dəyərində 20 ədəd avtobusu dələduzluq yolu ilə öz mülkiyyətinə keçirib.
8 iyun 2017-ci ildə səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonunda yerləşən “Safastore” mağazasına hücum edib, market əməkdaşlarına təzyiq edərək çölə çıxarıblar. A.Xanməmmədov həmin şəxslərə belə bir tapşırıq verməkdə ittiham edilib və Binəqədi rayon məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. “Riyad” Mühafizə Xidmətinin əməkdaşları – Emin İsgəndərov 4 il, Savalan Məhərrəmov və Məzahir Qurbanov 2 il müddətinə azadlıqdan məhrum edilib. Digər mühafizəçilər 2 il müddətinə islah işlərinə təhkim olunublar.
www.yenicag.az