“Həmsədrlərin münaqişəni həll etmək niyyətləri olsaydı, məsələ bu qədər uzanmazdı”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Qarabağ münaqişəsinin həllinə yönəlik danışıqlar aparmaq üçün Vaşinqtona dəvət etməsinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə deyib.
Zərdüşt Əlizadənin sözlərinə görə, bu dəvət ABŞ-ın Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq niyyətindən irəli gəlmir:
“ABŞ-ın Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona dəvət etməsi Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi niyyətin olduğu demək deyil. Həmçinin də bu, ABŞ-ın Qarabağ münaqişəsinin guya nizamlanması prosesində təşəbbüsü Rusiyanın əlindən almaq istəyi ilə də izah oluna bilməz.
Birdəfəlik bilmək lazımdır ki, ATƏT-in Minsk qrupu həmsdərlərinin – ABŞ, Rusiya və Fransa – münaqişəni həll etmək niyyətləri olsaydı, məsələ bu qədər uzanmazdı. Həmsədrlər Qarabağ münaqişəsini özləri üçün gəlirli biznesə çeviriblər.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri ötən həftə Moskvada görüşdülər. ABŞ-da da baxdılar ki, bu məsələdən xal əldə etmək olar və nazirləri çağırdılar Vaşinqtona.
Minsk qrupunun hər üç həmsədri Qarabağ münaqişəsindən öz maraqlarının təmin olunması üçün istifadə edirlər. Onların bu münaqişəni hər hansı formada həll edəcəklərini gözləməyə dəyməz”.
A.Zeynalov
www.yenicag.az