!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi ekspert: "Düşmən bizi təxribata çəkir ki, Qarabağı güc yolu ilə işğaldan azad edək"

!Reklam – Yazi

Son vaxtlar cəbhə bölgəsində erməni təxribatlarının sayı artıb.

Belə ki, ötən ayın sonu tabor komandiri, mayor Aqil Ömərov, bir neçə gün sonra digər hərbi qulluqçumuz şəhid olub. Dünən isə Müdafiə nazirliyi ermənilərin Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinə raket atəşi açdığını açıqladı.

Şair Ramaldanov

Cəbhə xəttindəki son gərginlik, ermənilərin təxribatları və Müdafiə Nazirliyinin atacağı addımlarla bağlı ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-la fikirlərini bölüşüb.

Şair Ramaldanov bildirib ki, gərginliyin olacağı barədə proqnozu öncədən verib:

“Bu gərginlik Ermənistanda gedən proseslərlə bağlıdır. Ermənistanın müdafiə naziri yersiz bəyanatlar verir, Qarabağ klanı Paşinyanı satqınlıqda günahlandırır, Sərkisyan və Köçəryanla Paşinyan arasındakı ziddiyət cəbhə bölgəsində gərginliyə səbəb olur. 25 ildən çoxdur ki, Qarabağ ətrafında danışıq prosesi gedir. Əgər mətbuata və cəbhə bölgəsindəki gərginliyə baxsaq görərik ki, həmişə danışıqlarqabağı və ya Ermənistan cəmiyyətində hansısa gərginlik olan zaman, cəbhə xəttində də gərginlik artır. Bu dəfə Paşinyan özü də etiraf etmişdi ki, vəziyyəti gərginləşdirmək istəyən qüvvələr var. Bu qüvvələr Qarabağ klanıdır. Onların məqsədi Azərbaycanı təxribata çəkməkdir ki, Azərbaycan güc yolu ilə Qarabağı işğaldan azad etsin və onlar da Paşinyanı satqınlıqda ittiham etsinlər.

Bunları Paşinyan özü etiraf edib. Biz müharibə şəraitindəyik. Müharibə hələ bitməyib. Atəşkəs isə o demək deyil ki, müharibə bitib. Atəşkəs də demək olar yoxdur. Atəşkəs minimuma düşübsə, yəni gün ərzində 30-40 dəfə pozulursa, bu o deməkdir ki, atəş açılır. Ermənilər atəşkəsi pozur, Azərbaycan ordusunun bölmələri də onları susdurmaq üçün cavab atəşi açır. Biz Bakıda, cəbhə bölgəsindən uzaqda düşünürük ki, atəşkəsdir, ancaq unutmamalıyıq ki, cəbhə bölgəsində sülh yoxdur. Cəbhə bölgəsindəki döyüş fəaliyyətidir və bizim bölmələrimiz əlində silahla döyüş tapşırığını yerinə yetirirlər. Son vaxtlar olan gərginlik onu göstərir ki, Paşinyanın etirafı doğrudan da həqiqəti əks etdirir. Hazırda mətbuata çıxanlar bunlardır, əslində o qədər təxribat var ki, onlar haqqında ictimaiyyətə məlumat verilmir.

Cəbhə bölgəsində vəziyyət ümumən çox gərgindir. Hazırda ATƏT-in Minsk Qrupu bir qədər aktivləşib. Danışıqlara hazırlıq gedir. Həmişə də, danışıqlara hazırlıq gedəndə, Ermənistan cəbhə bölgəsində vəziyyəti gərginləşdirir. Bizim hərbi qulluqçumuz şəhid olanda, onların cavabı verildi və onlar da itki verdilər. Bu yaxınlarda erməni mətbuatı daha bir itkinin oldğunu yazdı. Erməni tərəfi bu addımları ataraq cəmiyətin fikirini əsas proseslərdən yayındırır”.

Azərbaycan HHQ təyyarələrinə ermənilərin zenit raketlərindən atəş açılmasına gəldikdə isə ehtiyatda olan polkovnik qeyd edib ki, bu ilkdir:

“Ermənistanın atdığı raket bizim hədəfə dəyə bilmədi. Ermənistanda bunun səbələrini araşdırırlar. Bəzi məlumatlara görə, Ermənistanın hava hücumundan müdafiə sisteminin profesionallğı şübhə altına alınıb. Araşdırma zamanı texnikanın köhnə olduğu da məlum olub. Hazırda Ermənistanda bu yöndə araşdırma gedir. Azərbaycan Müdafiə nazirliyi yəqin ki, cavab tədbirləri hazırlayır. Sosial şəbəkələrdə deyilən fikirlərlə razıyam ki, raketi atan qurğu yerində məhv edilməli idi”.

Aqil Ömərovun şəhid olması və raketin atılmasından sonra cəmiyyətin “niyə qarşı tərəfdən qisas alınmadı?!” narazılığına gəldikdə isə Şair Ramaldanov bunları deyib:

“Tənqid etmək asandır. Müdafiə nazirliyində ağıllı adamlar oturub. Hərbi peşədən uzaq olub, fikirlər söyləmək rahatdır. Ancaq hansısa qərar qəbul etmək üçün şərait yaranmalıdır. Biz bilmirik, hansı şəraitdə raket atılıb. Bəlkə raket atılandan sonra qurğu yerini dəyişib. O özüyeriyən qurğudur. Əgər haradansa atəş açılıbsa, qurğu öz atəş mövqeyini dəyişir. Bunların təhlilini aparan Müdafiə Nazirliyinin mütəxəssisləri var. Müdafiə Nazirliyində xidmət edən zabitlər hamısı Azərbaycan vətəndaşıdır. Elə bilməsinlər ki, Müdafiə Nazirliyində oturan şəxslərin ürəyi vətən üçün yanmır və ancaq sosial şəbəkədə yazanların ürəyi yanır.

İnanın ki, Müdafiə Nazirliyində çalışanların ürəyi daha çox yanır. Müdafiə Nazirliyində çalışanlar olanları peşəkarcasına təhlil edirlər. Optimal qərar isə təhlilin nəticəsində qəbul edilir. Çox şeyləri cəmiyyət bilmir, ordumuz onlarla düşmən təxribatının qarşısını alır, çünki bu döyüş şəraitində olan gündəlik fəaliyyətdir. O tərəfdən də itki olur, təəssüflər olsun ki, bizim tərəfdən də itkilər olur. Müdafiə nazirliyi bütün məsələləri götür-qoy edib, sonra qərar verir. Hərbi qulluqçumuz şəhid olan kimi cavabını verdik. Ancaq erməni tərəfi də bilir ki, biz şəhid verən kimi qisasını alacağıq, ona görə də, ehtiyatlı olurlar. Biz onlar tərəfindən itkilərin daha çox olması barədə məlumatlar alacağıq”.

Proselərin hansı istiqamətdə gedəcəyinə gəldikdə isə hərbi ekspert vurğulayıb ki, heç nə cavabsız qalmır və cavabsız da qalmayacaq:

“Erməni tərəfinin bizim səbrimizi yoxladığı açıq aydındır. Əslində bizim səbrimiz tükənib. Ali Baş Komandanın bir sitatı var: “əgər Ermənistan və Azərbaycanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri qısa bir zamanda işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir”. Ancaq üçüncü qüvvələr var. Biz bunları nəzərə almaya bilmərik. Gürcüstanda Osetiyanın vəziyyətinin nə olduğunu hər kəs bilir.

Orada da müəyyən qüvvələr bu məsələni qıcıqlandırdılar. Nəticədə Rusiya Osetiyanı özünə birləşdirdi. Rəhbərlik götür-qoy edir ki, əgər bir addım atırıqsa, elə addım olmalıdır ki, Azərbaycanın ərazi bütövlüyünə mənfi nəticə gətirməsin. Vəziyyət çox gərgindir. Hazırda ABŞ, Avropa, Rusiya kiçik dövlətlərin problemlərini izləyirlər və ova çıxıblar, kim nə qopardı, qopardı. Ona görə də, ayıq-sayıq olmaq lazımdır”.

Sonda Şair Ramaldanov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan tapşırığı yerinə yetirəcək gücdədir.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2786
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv