“Azərbaycan müharibənin nəticələrinin təbliğatı kimi hərbi qənimətləri nümayişini məqsədəuyğun sayıb”.
Bu sözləri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilən müxtəlif eksponatlar ətrafında aparılan müzakirələrə münasibət bildirən konfiliktoloq Əvəz Həsənov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan müharibə qənimətlərini ya hardasa saxlamalı, ya da istifadə etməli idi:
“Müharibədə qənimət və qurbanlarla davranış qaydaları var. Birinci Qarabağ müharibəsinin nəticələrinə baxsaq, ermənilər işğal olunmuş ərazilərimizdə qənimət kimi götürdükləri əşyalar, tarixi abidələr və evlərlə necə davrandıqlarını hər kəs bilir.
Ermənilərdən götürülən hərbi qənimətlərin nümayiş olunmasında Azərbaycana qarşı təzyiq kimi istifadə ediləcək ciddi amillər yoxdur. Azərbaycan hərbi qənimətləri ya hardasa saxlamalı, ya da istifadə etməli idi. Azərbaycan müharibənin nəticələrinin təbliğatı kimi hərbi qənimətlərin nümayişini məqsədəuyğun sayıb. Ümumilikdə Hərbi Qənimətlər Parkının açılması və qənimətlərin nümayişi problem yaradacaq məsələ deyil”.
Qonşu ölkələrin və regiondakı dövlətlərin bir-biriləri ilə sülh şəraitinda yaşamalarının vacibliyini vurğulayan konfiliktoloq hesab edir ki, müharibə dini və tarixi abidələrə, qəbiristanlıqlara qarşı aparılmamalıdır:
“Əgər dövlətlər sülh içində yaşayarsa, gələcəkdə baş verə biləcək müharibələrin aparılması qaydası da öyrəniləcək. Müharibə döyüş bölgəsində aparılır. Dini və tarixi abidələr, qəbirstanlıqlar, yaxud da yaşayış məntəqələri ilə müharibə aparılmamalıdır. Eləcə də müharibə hansısa insanın alçaldılmasından ibarət deyil. Əgər qonşu ölkələr sakit və sülh içində yaşamağı öyrənsələr, bu amillər də nəzərə alınmalıdır”.
Gülşən Şərif
www.yenicag.az