Çətin oyunda qələbə qazanmaq çox xoş oldu. Bu bizim üçün olduqca vacib qalibiyyət idi”.
Yenicag.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
52 yaşlı mütəxəssis matçın kifayət qədər maraqlı alındığını bildirib: “Rəqibə qarşı sona kimi mübarizə aparmaq və düzgün oynamaq komandamız üçün çox vacib idi. Sevindirici haldır ki, nəticə bizim xeyrimizə oldu. Qələbə oyunçularımıza çox böyük inam verdi”.
Təcrübəli çalışdırıcı daha çox futbolçularına görə sevindiyini vurğulayıb: “Çünki azarkeşlərin basqısına və rəqibin sürətli oyununa tab gətirə bildilər. Hələ qarşıda cavab oyunu var. Çalışacağıq ki, bu görüşdə daha diqqətli və məsuliyyətli olaq”.
Q.Qurbanovun sözlərinə görə, bu hesaba aldanmaq lazım deyil: “Çünki qarşımızda “Braqa” kimi bir rəqib var. Bundan öncə də bildirmişdim ki, bu komanda istənilən oyunda qalib gələ biləcək gücdədir. Çox keyfiyyətli futbolçulardan ibarət heyətə malikdir”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 22-də Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
www.yenicag.az